Bakıda Azərbaycan və Estoniya komandaları arasında keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu üçün hakim təyinatları məlumdur.
Məlum qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.
Baş hakim Andrey Berkaya laynsmanlar qismində İvo Nadvornik və Kamil Hayek yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.
2016-cı ildən FİFA referisi adını daşıyan 35 yaşlı ədalət təmsilçisi təcrübə baxımından “axsayır”.
Düzdür, son 7 ildə idarə etdiyi beynəlxalq oyunların sayı az deyil. Lakin söhbət milli və klub səviyyəsində mötəbər yarışlarda iştirakdan gedirsə, Berkanın öyrənməli olduğu çox şey var.
O, geridə qalan müddətdə əsasən U-17, U-19 və U-21 millilərin yarışlarında tapşırıq alıb. Yüksək səviyyəli matçlarda isə dördüncü hakim funksiyasını daşıyıb.
Hakimlik həyatında təmsilçilərimizlə yolu bir dəfə də olsun kəsişməyən referi indiyə qədər yalnız bir oyunda yığma komandaların görüşündə əsas hakim kimi iş başında olub.
Andrey ötən ilin noyabrında Slovakiya ilə Çili arasında qolsuz bərabərliklə başa çatan qarşılaşmada meydanda əsas söz sahibi yükünü daşıyıb. Azərbaycan – Estoniya oyunu karyerasında ikinci milli oyunu olacaq.
Avrokuboklarda isə cəmi iki oyunda meydanda yaşananlara birbaşa nəzarət edib. Ötən ilin yayında Avropa Konfrans Liqasının təsnifat mərhələsində “Mons Kaple” – “Santa Koloma” və “Universitatya Krayova” – “Vlajniya” matçlarında idarəçilik Berkanın əlində olub.
Göründüyü kimi, çexiyalı fit sahibinin aktivində “böyüklər”in iştirakı ilə keçirilən vur-tut 3 beynəlxalq oyun var. Ümid edək ki, təcrübəsizliyi bu axşam bizimkilərin başında çatlamayacaq.
HƏBİB / SPORTİNFO.AZ

