Klublarında oynamayanların millisi - De Byazinin sevimliləri

11 İyun 2023 13:35 Milli komanda 1 543
Klublarında oynamayanların millisi - De Byazinin sevimliləri

AVRO-2024-ün seçmə mərhələsinə uğursuz start verən, ilk oyunda Avstriyaya 1:4, ardınca İsveçə 0:5 uduzan Azərbaycan millisi 3-cü oyununu evdə keçirəcək.

Yığma iyunun 17-də Estoniyanı qəbul edəcək.

Estonlar gücünə görə Azərbaycan millisinə yaxındırlar. Ümumiyyətlə, mütəxəssislər hesab edirlər ki, qrupda məğlub etməyin mümkün olduğu komanda Estoniyadır. Milli evdə oynayacağından komandadan gözlənilən nəticə də qələbədir. Bu, uğursuz startı unutdura və növbəti oyunlarda daha yaxşı nəticələr üçün start ola bilər.

Baş məşqçi Canni de Byazi estonlarla oyun üçün 25 futbolçuya dəvət göndərib. Yenə siyahı ilə bağlı bəzi narazılıqlar var.

Bəzi futbolçuların kənarda qalması müzakirələrə səbəb olub. Azarkeşlər xüsusən “Kəpəz”in son zamanlar yaxşı oyununda əsas fiqurlar olan Yusif və Fərid Nəbiyev qardaşlarının mütəxəssisin diqqətini çəkməməsindən narazıdırlar. Həqiqətən, onlardan azı birini yığmaya dəvət etmək olardı.

Üstəlik, milli komandaya cəlb edilən, amma hazır olmayan bir neçə futbolçu da var.

“Qarabağ”ın zədəsini yeni sağaldan qapıçısı Şahruddin Məhəmmədəliyev millinin martın 27-də keçirdiyi oyundan bəri cəmi bir matçda 90 dəqiqə oynayıb.

“Qarabağ”ın digər futbolçusu - müdafiəçi Bədavi Hüseynov 2 matçda 180 dəqiqə forma geyinibsə, Toral Bayramov 5 görüşdə cəmi 287 dəqiqə şans qazanıb. Ağdam klubunun əsas heyətində yerini itirən və yola salınan Filip Ozobiç isə sözügedən periodda 5 oyun keçirib və 157 dəqiqə şans qazanıb.

“Sabah”ın hələ də zədəsini sağaltmayan futbolçusu Namiq Ələsgərov da 5 qarşılaşmada 157 dəqiqə oynayıb.

Beləliklə, italyan çalışdırıcı azı beş hazır olmayan futbolçuya dəvət göndərib. Onlardan bir neçəsinin Estoniya ilə oyuna start heyətdə başlayacağı da istisna edilmir.

Məsələ ondadır ki, bəzi oyunçular sanki artıq de Byazinin sevimliləri sırasına düşüblər və onların klubda necə performans göstərməsindən asılı olmayaraq, millidə yerləri hazırdır.

İyunun 17-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Estoniya matçı saat 20:00-da start götürəcək (oxu.az).

Faiq Tahirov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti