“Bu, qiyamətin əlamətidir, 1 saata dünya dağılacaq, hazır olun”

20 Aprel 2023 20:00 Milli komanda 1 042
“Bu, qiyamətin əlamətidir, 1 saata dünya dağılacaq, hazır olun”

Azərbaycanın U-17 millisi yoldaşlıq görüşündə qələbə qazanıb.

Gənclərimiz aprelin 18-də Şimali Makedoniyanın Skopye şəhərində bu ölkənin U-17 yığması ilə üz-üzə gəlib və hər nə qədər qəribə səslənsə də, qələbə qazanıb.

Komandamızın 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada yeganə qolu oyunun 35-ci dəqiqəsində “Ankaragücü”nün futbolçusu Həsən Nəzərli vurub.

Füzuli Məmmədovun yetirmələrinin məlum uğuru futbol azarkeşləri tərəfindən səs-küylə qarşılanıb. İctimaiyyəti məğlubiyyətlərə öyrəşdirən bütün yaş qruplarından ibarət yığmalardan hansısa birinin nisbi uğur qazanması ölkədə bayrama bərabər olur.

Qələbə ilə bağlı sosial şəbəkədə yazılan rəylər ölkə futbolunun acı durumda olmasından xəbər verir.

Buyurun, bu da qalibiyyət xəbərinə yazılan şərhlər:

“Gözümü həkimə yoxlatdırmalıyam. Son vaxtlar zəif görürəm”.

“Dəqiq qələbədir, yoxsa mən səhv görürəm?”

“İlk dəfə görənlər bəyənsin”.

“Vəssalam, 1 saata dünya dağılacaq, hazır olun”.

“Burada nəsə bir tərslik var”.

“Bu nə möcüzədir?”

“Yoldaşlıq görüşüdür. Yenə şirə dönüblər bizimkilər”.

“Montajdır, inanmayın”.

“Rəqib komanda 11 nəfərlə oynayırdı?”

“Bu, qiyamətin əlamətidir”.

Göründüyü kimi, ölkədə hansısa millinin qalib gəlməsi möcüzə kimi qarşılanır. Ümid edək ki, qələbəni bayram etmək ən yaxın zamanda adi hal kimi qəbul olunacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti