Millimiz “dal-dala” ilə reytinq cədvəlindən çıxacaq – AFFA-dakıların gözləri aydın!

18 Aprel 2023 19:40 Milli komanda 1 363
Millimiz “dal-dala” ilə reytinq cədvəlindən çıxacaq – AFFA-dakıların gözləri aydın!

Azərbaycan millisi futbol oynaya bilməməklə Avropa arenalarında gülüş obyektinə çevrilsə də, dünyanın istənilən avtomobili ilə yarışa çıxa bilər.

Məsələn, ən son standartlara cavab verən, mühərriki və at gücü göz oxşayan ürəyiniz istəyən maşın dayansın, yanında da futbol üzrə milli komandamız.

Hakimin start fiti ilə hər ikisi arxa-arxaya hərəkət etsin. Görək kim tez çatacaq. Təbii, Canni de Byazinin rəhbərlik etdiyi kollektiv. Bizimkilər qabağa qaçmağı bacarmasa da, dal-dala fantastik sürətə sahibdir.

Dünyada millimiz kimi ikinci komanda yoxdur. FİFA-nın yığma komandalarının sıralamasına baxmısız heç?

Azərbaycan seçməsi yeganə kollektivdir ki, qətiyyən irəli getmir. Ancaq və ancaq arxaya doğru hərəkət edir. Nadir hallarda yerində dayanır. O da oyunlar olmayanda.

Gözümüz aydın, ötən ay Avstriya (1:4) və İsveçə (0:5) yenilgilər bizimkiləri 3 pillə geri atıb. Martda 121-ci sırada dayanan italyan çalışdırıcının komandası indi 211 komanda arasında 124-cüdür.

Sonuncu 10 komandanın siyahısında Somali, Baham adaları, Şri Lanka, San Marino kimi millilər yer alıb. Azərbaycan seçməsi dal-dala getməklə ən qısa zamanda bu komandaların hamısını geridə qoyacaq. Və yekunda FİFA-nın reytinq cədvəlindən çıxacaq.

Hazırda AFFA rəhbərliyinin istədiyi də budur. Hansısa ilklə dünya futbol tarixinə düşməyi hədəf seçən başbilənlərin məqsədinə çatacağı gün uzaqda deyil.

Vaxtlə 99-cu idik, sonra 108-ci olduq, 121-ə düşdük, indi də 124-cüyük. Cədvəldən bayıra çıxmağa bir şey qalmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"