
Martın 7-də AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirildi.
Yığıncaqda millinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verdi.
Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarıldı.
İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən 1 saat əvvəl tərk etdi. Postunda saxlanılan 65 yaşlı çalışdırıcı sonadək toplantı zalında qalmaması təsadüfi deyil.
De Byazi hesabatında Avstriyaya 1:4, İsveçə 0:5 hesablı məğlubiyyətlərin günahkarı qismində futbolçuları və onların məxsus olduğu klubları göstərib.
Apenninli sükançı iddia edib ki, milliyə çağırdığı əksər oyunçular düşərgəyə hazır vəziyyətdə gəlmir.
Digər tərəfdən, bildirib ki, onların səviyyəsi beynəlxalq turnirlərdə güclü rəqiblərlə mübarizə aparmağa imkan vermir. De Byazi böyükhesablı yenilgilərdə heç bir səhvinin olmadığını söyləyib.
Bu zaman İcraiyyə Komitəsinin bəzi üzvləri onunla razılaşmayıb, istər taktiki, istərsə də heyət seçimi ilə bağlı iradlar səsləndiriblər.
Baş məşqçi bu fikirləri etirazla qarşılayıb və təzminatı ödəniləcəyi təqdirdə, tutduğu postla vaxtından əvvəl vidalaşmağa hazır olduğunu açıqlayıb.
O. bundan sonra müzakirəyə çıxarılacaq məsələlərin ona heç bir aidiyyatının olmadığını bildirərək, iclasın bitməsini gözləmədən oranı tərk edib.
SPORTİNFO.AZ