Canni De Byazi millimizdən getsə, dəyişən nə(lər) olacaq?

13 Aprel 2023 23:40 Milli komanda 571
Canni De Byazi millimizdən getsə, dəyişən nə(lər) olacaq?

AFFA İcraiyyə Komitəsinin son iclasından sonra bəzi adamların təəccübü məni heyrətə salıb.

Müəyyən kütlə təəccüb içindədir ki, italiyalı mütəxəssis niyə istefaya göndərilmədi?

Elə məni də heyrətə gətirən bu sualdı.

Görünür, yenə zərbəni səhv yerə vururuq. Axı bizim dərdimiz-azzarımız De Byazi deyil.

Gəlin reallıqla barışaq ki, bu gün millidə kim olsaydı Avstriya və İsveç milliləri ilə oyunda nəticə fərqli olası deyildi. Hə, bir topa aşağı-bir top yuxarı söhbəti xaric.

Bizim bu gün bəlamız odur ki, federasiyanın tutduğu dəst-xətt, sistem "çiy"di. Heç yoxdur. Kor-koranəlik hökm sürür.

De Byazinin bu gün istefasın düşünmək yox, dünən müqaviləsin uzatmamaq lazım idi.

Bu gün İsveç, Avstriya kimi rəqiblər önündə pir qələbəsi axtarışında yox, gələcəyin komandasını qurmaq lazım idi.

Filip Ozobiç, Riçard Almeyda, Höccət Haqqverdi yox, Cəlal Hüseynov, Fərid Nəbiyev, Fuad Bayramovla.

Kimsə məni inandırmağa çalışmasın ki, futbolçu seçimi italiyalı mütəxəssisdən asılıdır. Elə olsaydı Dimitri Nazarov da bu gün milli komandada yer alardı. Niyə yoxdur? Zəifdi ona görə? Əsla! Milliləşdirilmiş oyunçu bu gün mövqeyinin ən yaxşısıdır millimizdə. Sadəcə federasiya bir kəlimə "olmaz" deyib, Canni də işini ona uyğun qurub.

Deməli, Nazarov kimi digərlərinin də yolunu ölkənin bir nömrəli komandasına bağlamaq olar.

Kimsə düşünə bilər ki, AFFA rəhbərliyi De Byazi ilə müqaviləni artırmaqda səhvə yol verdiyini başa düşüb.

Bəylər, əgər AFFA rəsmiləri səhvini başa düşübsə, doğru yol harayındadırsa, ilk öncə illərdi federasiyanın binasında gün keçirən, dil bilməz Kazbek kimilərə qapını göstərərdi.

Daha onun dili ilə De Byazininin hələ millidə qalmasına don geyindirmək yolunu seçməzdi.

Deməli, nə düzələn var, nə də düzəldən. Köhnə hamam, köhnə tasdı. Bir məşqçi yeniləmək istəyirlər, amma elə o da köhnə qalsa yaxşıdır. Guya dəyişsə, nə dəyişəcək? Heç nə!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti