AFFA sabah De Byazini istefaya göndərəcək, yoxsa..?

12 Aprel 2023 14:00 Milli komanda 866
AFFA sabah De Byazini istefaya göndərəcək, yoxsa..?

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Toplantı aprelin 13-də qurumun inzibati binasında təşkil olunacaq.

Saat 10:00-da başlayacaq iclasın gündəliyindəki əsas məsələ Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazinin hesabatı olacaq.

Bilindiyi kimi, yığmamız ilk 2 matçda böyük hesabla uduzub. Komandamız öncə səfərdə Avstriyaya 1:4, ardınca İsveçə 0:5 hesabıyla yenilib.

İtaliyalı mütəxəssis istefaya göndərilməyəcək. Baxmayaraq ki, AFFA-nın baş katibi Sərxan Hacıyev onunla yolların ayrılmasına tərəfdardır.

O, bununla bağlı mövqeyini SOCAR-ın – federasiyanın baş sponsorunun diqqətinə çatdırıb.

Ötən ilin mayında hazxırkı vəzifəsinin icrasına başlayan gənc funksioner bildirib ki, De Byazinin vəzifədə qalması yaxşı heç nə vəd eləmir, bu, sadəcə, vaxt itkisidir.

Baş katibin fikrincə, 65 yaşlı əcnəbi çalışdırıcı vəziyyətdən çıxış yolu tapmaq iqtidarında deyil və o, iş yerindən ayrılmasa, komandamızı daha pis nəticələr gözləyir. AFFA-nın əsas idarəçisi deyib ki, millinin əksər futbolçuları da baş məşqçi dəyişikliyinin tərəfdarıdır.

Fəqət… Təəssüf ki. Sərxan Hacıyev bu məsələdə qərar vermək gücündə deyil. SOCAR De Byazinin fəaliyyətindən doğan narazılığı qəbul edir, bununla belə, əlavə xərcə düşmək istəmir.

Çünki müqaviləyə birtərəfli qaydada xitam verilsə, ona təzminat ödəmək lazım gələcək. İtalyanın birillik anlaşmaya görə 500 min avrodan çox qazanc əldə edəcəyinə dair mətbuatda xəbərlər var.

Həmin məlumatlara istinad etsək, kompensasiya iki dəfə artıq hesablanmalıdır. Hazırkı vəziyyətdə isə bu məbləğ SOCAR-ın gözünə böyük görsənir.

Odur ki, İcraiyyə Komitəsinin De Byazini istefaya göndərməsi məsələsi gündəmdə yoxdur. Düzdür, son anda qərar yenidən dəyişə bilər, lakin bunun reallaşma ehtimalı azdır.

İcraiyyə Komitəsi baş məşqçini dinləyəcək, tənbeh edəcək və bir də… Qarşısına tələb qoyacaq. Ondan nəticələri yaxşılaşdırması istəniləcək.

Məsələn, istəniləcək ki, milli seçmə mərhələnin qarşıdakı turlarında böyükhesablı məğlubiyyətlər almasın. Qrupdan çıxmaq perspektivindən burada danışılmayacaq, De Byazi sonuncu pilləni tutmamaq tapşırığını yerinə yetirməli olacaq.

İcraiyyə Komitəsinin iclasının bu tarixə salınması da təsadüfi qarşılanmalıdır. Avstriya və İsveçə darmadağın ictimaiyyətdə geniş rezonans doğurub, AFFA-ya yönəlik təzyiq və tənqid dalğası yeni fazaya daxil olub.

Telekanallar, yazılı və onlayan media. Həmçinin sosial şəbəkələr millinin biabırçı çıxışından dolayı federasiyanın üzərinə yeriyir. Narazılığın bu həddə çatması AFFA-nın gündəlik iş rejimini pozub, prosesin gedişindən narahatlığını artırıb.

İcraiyyə Komitəsi xoşagəlməz situasiyanı sakitləşdirmək, müqəssirin birbaşa De Byazi olmasını nümayiş etdirmək üçün bu iclası çağırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti