20 ilin hesabatı 1:9

1 Aprel 2023 00:50 Milli komanda 389
20 ilin hesabatı 1:9

Yığmamızın Avstriya və Isveç faciəsini unutmaq üçün uzun illər lazım gələcək.

20 il əvvəl AFFA-da Fuad Musayev erası başa çatanda hamı bir ağızdan "nəhayət, axır ki" deyib, futbolumuzun ağ günə çıxacağını gözləyirdi.

Düzdür, maddi baxımdan dünyanın ən populyar idman növü ağ günə çıxdı, amma nəticələr haqqında bu sözləri söyləmək mümkün deyil.

90-cı illəri futbolumuzun peraşki dövrü kimi yadda qalıb. Hətta yığmanın legioner üzvləri öz hesablarına komandanın düşərgəsinə gəlirdilər.

Amma indi hər şey dəyişib. Ən yaxşı otellərdə gecələmək, təlim-məşq toplanışları üçün hər cür şərait. Ayrılan və xərclənən pulların sayı da itib. Nəticə isə yoxdur.

Futbola cavabdeh AFFA üzərinə düşən işin öhdəsindən gələ bilmir. Illər keçsə də, braziliyalı, almaniyalı dünya çempionları baş məşqçi təyin olunsa belə ağır məğlubiyyətlərin ardı arası kəsilmir.

Deməli, problem sizdədir. Federasiya rəhbərliyi papağı qarşısına qoyub yaxşı düşünməlidir.

Çoxları məğlubiyyətlərin günahını baş məşqçidə görür. Amma əcnəbi mütəxəssis federasiyasını qoruyan qalxan rolunu oynayır.

Ən pis halda "gördünüz dünyanın ən tanınmış məşqçilərini də dəvət etdik, amma nəticə əldə olunmadı" deyirlər. Heç kim 20 il ərzində xərclənən pulların müqabilində normal futbolçu yetişdirə bilmədiyimizi etiraf etməyəcək.

Heç vaxt məşqçi qərarlarının müzakirə edilməsinin tərəfdarı olmamışam. Avstriya ilə oyunda qapıda gənc Yusif Imanova şans verməsi alqışlamaq olardı. Nədənsə baş məşqçi niyə eyni addımı Isveçlə oyunda da ata bilmədi.

Niyə? Bu sualı De Byaziyə ünvanlamaq istərdim.

Yusifin səhvləri olsa belə, onu qazanmaq üçün növbəti görüşdə də inanmaq lazım idi. Amma De Byazi qorxaq davranaraq, bəlkə də İmanovun gələcək karyerasını məhv etdi.

Nə dəyişdi? Isveçlə oyunda daha 5 qol vuruldu.

Bu addımı və oyundan sonrakı açıqlamaları ilə italiyalı mütəxəssis kələfin ucunu itirdiyini sübuta yetirir.

Heç vaxt gec deyil, AFFA rəhbərliyi yeni plan hazırlamalı, ölkə futbolunun ağ günə çıxarmaq üçün təxirəsalınmaz addımlar atmalıdır. Daha 10, 20 il itirməyək.

Hətta kimsə seçmə mərhələdən əvvəl 5 oyunluq qələbə seriyasını əsas gətirərək yığmanın ən güclü futbolçu nəslinə malik olduğunu qeyd etmişdi.

Özünüzü aldatmayın dostlar... Bizi daha acınacaqlı mənzərə gözləyir!

Kamal Rza

Digər Xəbərlər
Xəbər Lenti