Futbol üzrə Azərbaycan komandası AVRO-2024-ün seçmə mərhələsinin startında uğursuz çıxışını davam etdirib.
Avstriya səfərində aldığı acınacaqlı məğlubiyyətdən (1:4) sonra komandamız İsveç səfərində (0:5) daha biabırçı nəticə ilə üzləşib - 0:5.
Solnedəki matçdan əvvəl italiyalı baş məşqçi Canni De Byazi ənənəsinə sadiq qalaraq bu dəfə millinin tam fərqli, layiqli və döyüşkən oyun nömayiş etdirəcəyinə bizləri inandırmağa çalışmışdı və bəzilərimizdə nəhayət əhəmiyyətli rəsmi qarşılaşmada qazana biləcəyimiz sərfəli nəticə ilə bağlı müəyyən ümidlər yaranmışdı...
O, hətta İsveç yığmasının hərtərəfli, tam təhlil edildiyini və bizlər üçün heç bir sirrin qalmadığını vurğulamışdı. Lakin növbəti dəfə bunun utopiya olduğu təqdiqləndi.
Onu da qeyd edək ki , bu cür hesabla qələbə qazanan isveçlilər tərif əvəzinə, əksinə yerli media tərəfindən tənqid atəşinə məruz qalıblar. Çünki dahiyanə futbol nümayiş etdirməyən İsveç yığmasının köməyinə elə özümüz gəldik...
Praktik olaraq oyunda vurulan bütün qollar Azərbaycan millisinin futbolçularının “hədiyyələri” sayəsində mümkün olub.
Ən qəribəsi isə odur ki, növbəti alçaldıcı fiaskodan sonra De Byazi mətbuat konfransında komandanın əla oynadığını dilə gətirib...
Canninin bu səpkidə söylədikləri, artıq tam məsuliyyətlə nağıl adlandırıla bilər.
Bu yerdə De Byazinin həmvətəni və adaşı, məşhur italyan yazıçı və nağılbaz Canni Rodari yada düşür. Yəqin ki, utopist nağılbazın dünya miqyaslı şöhrəti millimizin baş məşqcisini rahat buraxmır və o da bu janrda ad çıxarmaq istəyir.
Ancaq Canni De Byazi bir şeyi unudur - Canni Rodarinin nağılları uşaqlara təqdim etmək üçün dəyərli və heyrətamiz hekayələr toplusudur.
Onlarda müəllif oyuncaqların, uşaqların və digər planetlərin sakinlərinin macəralarından bəhs edir. Yazıçı üçün ən başlıcası uşağın nikbinliyini, zehni ayıqlığını, yaradıcılığını və təxəyyülünü inkişaf etdirməkdir.
Canni Rodarinin nağılları uşaqlara dürüst, cəsarətli, xeyirxah və şən olmağı öyrədir. Uşaqlara və ailələrdəki yaşlı nəsillərin nümayəndələrinə yaxşı tanış olan bu utopik əsərlər insanları bir araya gətirir, onlarda təbəssüm, gülüş və xoş əhval-ruhiyyə doğurur.
Bəs, görəsən, futbol mütəxəssisi Canni De Byazinin utopik nağılları kimə və nəyə xidmət edir?
SPORTİNFO.AZ

