
AVRO-2024-ün seçmə mərhələsində İsveçlə qarşılaşacaq Azərbaycan millisi özü üçün uğursuz gündə meydana çıxacaq.
Sportinfo.az xəbər verir ki, yığma indiyə qədər martın 27-də keçirdiyi oyunların heç birində qələbə qazana bilməyib.
Komanda bunadək 3 dəfə bu tarixdə çıxış edib və hər üçü yoldaşlıq görüşünə təsadüf edib.
2002-ci ildə Tiranadakı matçda Albaniya seçməsi 1:0 hesablı qələbəyə sevinib. Həmin vaxt komandaya Kazbek Tuayev rəhbərlik edib.
2018-ci ildə Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə Türkiyənin Antalya şəhərində rəqib Şimali Makedoniya olub. 1:1 hesabı ilə yekunlaşan oyunda Azərbaycan millisinin heyətində Riçard Almeyda 6-cı dəqiqədə fərqlənib.
Qətərlə iki il əvvəlki görüş isə hazırkı baş məşqçi Canni De Byazinin dönəminə təsadüf edib.
Macarıstandakı qarşılaşmada Ramil Şeydayev 16-cı dəqiqədə penaltidən hesabı açsa da, qətərlilər ikinci hissədə vurduqları qollar sayəsində 2:1 hesablı qələbə qazanıblar.
Azərbaycan millisi bugünkü rəqib İsveçlə isə iki dəfə üz-üzə gəlib. Bu, DÇ-2002-nin seçmə mərhələsində baş tutub.
2000-ci il sentyabrın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda qonaqlar 1:0 hesablı qələbə qazanıblar.
Seçmə mərhələnin son turunda – 2001-ci il oktyabrın 7-də komandalar bu dəfə Stokholmda qarşılaşıblar. Z
latan İbrahimoviçin rəsmi debüt etdiyi və ilk qolunu vurduğu matçda skandinaviyalılar 3:0 hesablı qalibiyyət əldə ediblər. Hər iki görüşdə Azərbaycan yığmasının sükanı arxasında İqor Ponomaryov olub.
Bu gün Stokholmdakı “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.