De Byazi növbəti darmadağının mesajını belə verdi

27 Mart 2023 20:40 Milli komanda 1 529
De Byazi növbəti darmadağının mesajını belə verdi

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsinə biabırçı məğlubiyyətlə start verdi.

Komandamız bərabad oyunla səfərdə Avstriya millisinə darmadağın oldu – 1:4.

Rəqib bir qədər diqqətli olsa, bəxtimiz gətirməsə, Yusif İmanov bir neçə seyvlə yadda qalmasa hesab daha biabırçı hal ala bilərdi.

Halbuki bu görüşə kimi 5 oyundu ardıcıl qələbə qazanan Canni De Byazninin yetirmələrinə ümidlər böyük idi.

Hər nə qədər haqqlı olaraq “lazımsız qələbələr” damğası vurulsa da, əksəriyyət düşünürdü ki, qələbə qələbədir. Və bu uğurlu seriya daxildə əla ab-hava yaradacaq. Ki, bunun hesabına növbəti matçlarda da uğurlu ola biləcəyik.

Amma ilk ciddi sınaqdaca həmin adamlara həqiqəti, italiyan və onun yetrmələrinə isə öz yerini avstriyalı futbolçular artıqlaması ilə göstərdi.

İndi növbəti qarşılaşma İsveç millisinə qarşı olacaq. Rəqib birinci tur Belçika yığmasına təslim olub – 0:3. Bir söz, onların da günü bizim günümüzdən heç seçilmir. “Bəlkə, indi nəsə edək” xəyalı ilə matç saatını gözləyirdik ki, De Byazi mətbuat önünə çıxıb “Bizdən əlinizi üzün” mesajını vermiş oldu.

Hər halda, onun oyunöncəsi mətbuat konfransında “İsveçin heyətində İbrahimoviç, Kuluşevski kimi məşhur oyunçular var. İsveçin ilk oyunda Belçikaya məğlub olması komanda üzərində təzyiq yaradıb. Reytinqdə 23-cü yerdə gedən komandaya qarşı oynayacağıq" – deməsinə başqa nə izah tapaq?

Açığı, mən bu açıqlamadan təslimçi ruhu hiss etdim. Mən bu açıqlamadan məğlubiyyət iyisi daddım. Deməli, ilk oyundakı fiaskodan dərs almaq, Azərbaycan xalqından üzr istəyib, yaxşı nəticə vədi vermək əvəzinə Canni növbəti dəfə rəqibi dağ başına qaldırmaq yolunu seçib. Özünə növbəti məğlubiyyət bəhanəsi hazırlayıb – rəqib reytinqdə 23-cü pillədə gedir. Bu, onda ilk dəfə deyil. Eyni addımı əvvəlki məğlubiyyətlərdə də zaman-zaman atıb.

Yanında o qədər qanı qanımızdan olan azərbaycanlı var. Biri ona Qazaxıstanın da reytinqdə olduğu yeri göstərsin, qazaxların 0:2-dən sonra 3:2 qalib gəldikləri Danimarka millisinin də. Bəlkə, onda utana, xəcalət çəkə. Etdiyi ucuz, lazımsız söhbətlərdən.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti