"Bura gələndə heç kim qarşıma məqsəd qoymamışdı ki..."

26 Mart 2023 22:40 Milli komanda 500
"Bura gələndə heç kim qarşıma məqsəd qoymamışdı ki..."

"Bizi çətin oyun gözləyir.

Rəqib güclüdür, qələbə qazanmağa çalışacaq, amma mən komandama güvənirəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə İsveçə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, həyatda yalnız nəyəsə nail olmaq istəməyən adamlar səhv etmirlər: "Öz yolumuzla getməyə davam edəcəyik".

O, rəqibi yaxşı analiz etdiklərini söyləyib: "Hansı sistemlə oynadıqlarını bilirik. Ən əsası, özümüzdən çox şey asılıdır. Son matçdan dərs çıxarmalı, sabah ən yaxşı oyunumuzu göstərməliyik".

67 yaşlı mütəxəssis start heyətilə bağlı dəyişiklik olacağını istisna etməyib:

"Görüşə kimi hələ vaxtımız var. Buna oyun günü qərar verəcəyik. Bəzi futbolçularda xırda problemlər var.

Qapıçının müəyyən səhvləri oldu, ona dəstək olmalıyıq. Təcrübə qazanması üçün bu cür matçlar vacibdir".

Millidəki 3 illik fəaliyyətini dəyərləndirən De Byazi bunları söyləyib:

"Geridə qalan müddətdə ilk məqsəd o idi ki, ölkədə bütün futbol hərəkatını inkişaf etdirək. İlk ilimdə bu, yaxşı alınmadı. Sonra müqavilə uzadıldı.

Son matçdakı məğlubiyyətdən öncə 5 oyunda qalib gəlmişdik. Mən inkişafı görürəm.

Buraya gələndə heç kim qarşıma məqsəd qoymamışdı ki, hansısa oyunda qələbə qazanım.

Albaniyalı futbolçuların çoxu mən ora gedənə kimi ölkə xaricində çıxış etmirdilər. Sadəcə, düzgün proqramla işləmək lazımdır".

Martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti