
Bakıda "Qarabağ" və "Qalatasaray" arasında keçirilmiş xeyriyyə oyunundan sonra transfer danışığı baş tutub.
Sportinfo/az xəbər verir ki, bu iddianı türkiyəli jurnalist Burhan Can Terzi irəli sürüb.
O, İstanbul təmsilçisinin Toral Bayramovun durumu haqqında maraqlandığını vurğulayıb:
"Qarabağ"ın futbolçusu Toral Bayramov "Qalatasaray"ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi üçün Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb".
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 2019-cu ildən "köhlən atlar"ın formasını geyinən Toral Bayramovun klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var.
Ötən ilin yayında da "Qalatasaray"ın gənc oyunçu ilə maraqlandığı iddia olunub. Müdafiəçi hazırda Azərbaycan millisinin düşərgəsində olduğu üçün "sarı-qırmızılılar"la matçda iştirak etməyib.