Futbolçularımızın tanımadığı, dünyaya səs salan bu qadın haqqında bilmədiklərin(m)iz

25 Mart 2023 23:00 Milli komanda 951
Futbolçularımızın tanımadığı, dünyaya səs salan bu qadın haqqında bilmədiklərin(m)iz

İsveç və Azərbaycan arasında Solna şəhərində keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun hakim təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Fransadan olan qadın hakimə tapşırılıb.

Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.

Dekabrda 40 yaşını tamamlayan Stefani 14 yaşından hakimlik etsə də, FİFA dərəcəsinə 2009-cu ildə yiyələnib. O vaxtdan qızlar və qadınlar arasında keçirilən yerli və beynəlxalq turnirlərə təyinat alıb.

2019-cu ildə Fransanın Liqa-1-də komandaları meydana baş hakim qismində çıxarıb.

Elə həmin ilin sentyabrında karyerasının unudulmaz oyununa – Superkubokun final qarşılaşmasına təyinat alıb. “Liverpul”la “Çelsi” arasındakı “qırğın”da iş başında olub ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşdə mersisaydlılar rəqibini penalti vuruşlarında üstələyib.

Sınaqdan uğurla keçən Frappar UEFA-nın Hakimlər Komitəsində yer alanların etimadını qazanan kimi avrokubokların qapıları üzünə açılıb. Odur ki, son 3 ildə Çempionlar Liqasının qrup mərhələsində 2, Avropa Liqasının qrup mərhələsində 7, Konfrans Liqasının qrup mərhələsində 2 və pley-off mərhələsində 1 oyuna təyinat alıb.

Ötən ilin noyabrında Çempionlar Liqasının qrup mərhələsində Madriddə keçirilən “Real” – “Seltik” duelində meydanda yaşananlara fransız xanım nəzarət edib. İspanlar rəqibi üzərində 5:1 hesablı qələbə ilə yadda qalıb.

Frappar 2020-ci ildən həm də kişilərin milli komandalarının oyunlarına da təyinat alır. O, bu müddətdə müxtəlif yarışlarda 6 beynəlxalq qarşılaşmada meydanda əsas söz sahibi olub.

Diqqətli futbol azarkeşləri ötən ilin iyununda Millətlər Liqası çərçivəsində Türkiyə ilə Litva arasında baş tutan və qardaş ölkənin 2:0 hesabı ilə qalib gəldiyi oyunu mütləq ki, xatırlayır. Fransalı fit sahibi həmin qarşılaşmada baş hakim funksiyasını yerinə yetirib.

Bir sözlə, son illər adı dillər əzbəri olan Stefani Frappar bu dəfə İsveç – Azərbaycan görüşünü idarə edəcək. Görəsən, UEFA-dakıların etimadını layiqincə doğrulda biləcək?

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti