Martın 24-də AÇ-2024-ün seçmə mərhələsinin ilk oyununda Avstriyaya 1:4 hesabı ilə məğlub olan Azərbaycan millisi növbəti sınaq qarşısındadır.
Canni de Byazinin rəhbərlik etdiyi kollektiv bu dəfə İsveçlə qarşılaşacaq. Və yenə səfərdə, isveçli azarkeşlərin qarşısında.
Bizimkilər avstriyalılara boyun əydiyi gün isveçlilər doğma meydanda qrupun aşkar favoriti Belçika önündə darmadağın oldu – 0:3.
Məğlubların martın 27-dəki duelində hansı tərəfin sevinəcəyini Stefani Frapparın final fiti göstərəcək. Amma bir şeyi unutmamalıyıq ki, indiki İsveç seçməsi əvvəlki günlərindən uzaq düşüb.
Buna əmin olmaq üçün rəqibin son 1 ildə öz meydanında keçirdiyi oyunlara və nəticələrə baxmaq kifayətdir. İsveç seçməsi 2022-ci ildən bu yana vətənində 5 rəsmi oyuna çıxıb ki, nəticələr onlar üçün ürəkaçan deyil.
24.03.2022 DÇ (seçmə mərhələ) İsveç – Çexiya 1:0
05.06.2022 ML İsveç – Norveç 1:2
09.06.2022 ML İsveç – Serbiya 0:1
27.09.2022 ML İsveç – Sloveniya 1:1
24.03.2023 AÇ (seçmə mərhələ) İsveç – Belçika 0:3
İsveç yığması ötən ilin martından bu yana doğma meydandakı rəsmi oyunlarda qələbə üzünə həsrət qalıb. Düzdür, yoldaşlıq görüşlərində Əlcəzair (2:0), Finlandiya (2:0) və İslandiyanı (2:1) məğlub etmək mümkün olub. Yox, söhbət İsveçdəki rəsmi matçlardan gedirsə, yerli azarkeşlər düz 1 ildir 3 xalın nə olduğunu bilmir.
HƏBİB / SPORTİNFO.AZ

