“Hazırda özümü çox yaxşı hiss edirəm və xoşbəxtəm”.
Bu sözləri öz ölkəsinin mətbuatına açıqlamasında Avstriya – Azərbaycan matçının qəhrəmanı Marsel Sabitzer deyib.
“Mançester Yunayted”in futbolçusu bizimkilərlə qarşılaşmada komandasının ən yaxşısı idi. Kapitan sarğısını daşıyan oyunçu Yusif İmanovun qapısından 2 top keçirməklə yanaşı 1 qolun ötürməsini verdi.
Sabitzer qəhrəmanı olduğu oyunla bağlı bunları deyib:
“Oyunumun yaxşı alınmasından məmnunam və qələbədə pay sahibi olduğuma görə özümü xoşbəxt hiss etdiyimi deməliyəm.
Bizim üçün mükəmməl axşam oldu. Fikrimcə, stadiona toplaşan və televizor qarşısında oturan azarkeşlərimizi məmnun etməyi bacardıq.
Başlanğıc üçün vacib qələbə idi. İndi davamını gətirmək haqda düşünməliyik”.
29 yaşlı futbolçu böyük hesablı qələbəyə baxmayaraq, Avstriya yığmasının oyunundan narazılığını gizlətməyib:
“Əlbəttə, qələbə yerinə düşdü. Ancaq oyuna “5” verə bilmərəm. Çünki, başlanğıcda heç də özümüzə bənzəmirdik.
Qol fürsətlərini sağa-sola xərcləyir, rəqibə topla rahat davranmaq imkanı verirdik. Lakin 20-ci dəqiqədən sonra toparlanaraq meydana nə üçün çıxdığımızı göstərməyə başladıq. Bu cür oyunlarda startda diqqətli olmaq çox vacibdir”.
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutan Avstriya – Azərbaycan görüşündə meydan sahibləri 4:1 hesabı ilə qələbə qazanıb. Yığmamız növbəti oyununu martın 27-də səfərdə İsveçə qarşı keçirəcək.
HƏBİB / SPORTİNFO.AZ

