Milli dərd!

25 Mart 2023 17:40 Milli komanda 894
Milli dərd!

Azərbaycan millisi yenə ona olan ümidləri puç etdi.

Növbəti start, növbəti darmadağınla yaddaşlara həkk oldu.

Bu dəfə Avstriyada yeni seçmə mərhələyə rüsvay məğlubiyyətlə başladıq.

Ardıcıl 5 qələbənin də, yeni oyun modelinin də, gələcəyə bağlanan ümidlərin də üzərindən Ranqnik yetirmələri vurduğu 4 qolla xətt çəkdi. Hələ də bizə sevinmək, ümid etmək tezdi mesajını yolladılar.

Buraxılan qollara görə, gənc Yusif İmanovu, bir aydı rəsmi oyunlardan kənarda qalan Bəxtiyar Həsənalizadəni qınamaqdansa, fərqin daha da böyük olmamasına görə dirəyə və elə həmin İmanova təşəkkür etsək daha məntiqli olar.

Məntiqimizi səhv nöqtəyə yönəltməyin "mükafat"ını illərdi alırıq.

Əgər problem Yusiflə, Bəxtiyarla bitsəydi, dərdimiz olmazdı ki. Amma bizim milli komanda ilə bağlı dərdimiz milli dərddir.

Bəlkə, birləşən "tənqid yumuruğumuz"u həmin istiqamətə dəyişək?

Axı bu ölkənin nəinki millisinin, bütövlükdə futbolunun bəlası nə futbolçulardadı, nə məşqçilərdə.

Ümumiyyətlə, günahkarlar əksər vaxt meydanda yox, kənarda olur.

Bizim futbolumuzda isə illərdi mənzərə belədir. Bunu görmək üçün kor olmamaq və ya özünü korluğa vurmamaq yetərlidir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti