
Premyer Liqa azərbaycanlı futbolçuların güzgüsüdür.
Təbii ki, bir neçə legioner həyatı yaşayan futbolçumuz istisna olmaqla.
Digərlərinin qiymətini qaldıran, milli komandaya yolunu açan məhz daxili çempionatdır.
Özünü yaxşı göstər, layiq oduğun qiyməti al.
Amma bəzən haqqı yeyilənlər də olduğunu gizlətmək olmaz.
Məsələn, Fuad Bayramov, Fərid Nəbiyev kimi. Bəlkə də siyahını bir qədər də uzatmaq olar. Məncə, mövzu üzərindən bu iki ad da bizə yetərlidir.
Fuad bu mövsüm “şirlər”in heyətində mövsümün kəşfi də sayıla bilər. 24 yaşlı oyunçu arxada qalan 26 turda aktivinə 3 qol və 8 asist yazdıra bilib. Bu, bölgə klubunun vurduğu 23 qoldan təxminən yarısında birbaşa iştirak etmək deməkdir. Bayramov verdiyi qol ötürmələrinin sayına görə, çempionatda yalnız “Qarabağ”dan Leandro Andradedən geri qalır. Kobe Verdeli futbolçunun aktivində 12 asist var.
Cinah futbolçusu həm də intizamlı olması ilə önə çıxıb. Onun aktivində bir sarı vərəqə belə yoxdur. Bir müdafiəçi üçün tez-tez rastalaşacağımız mənzərə deyil.
“Kəpəz”dən Fərid Nəbiyev də parlaq mövsüm keçirənlərin önündə gəlir. Xüsusi ilə Tərlan Əhmədovun gəlişindən sonra “Qəbələ”nin yetirməsi inkişaf edən xəttlə davam edir.
Uzun müddət Çexiyada legioner həyatı yaşamış yarımmüdafiəçinin aktivində 4 qol və 6 asist var.
Qərb təmsilçisinin baxımlı oyun göstərməsində, sürətli hücumlar qurmasında 23 yaşlı futbolçunun xidmətləri böyükdür. Artıq indidən orta xətt oyunçusuna daha iddialı klublardan maraq var. Elə Fuad Bayramova da.
Amma nədənsə maraq göstərənlər arasında Canni De Byazı yoxdur. İtaliyalı mütəxəssis hər iki futbolçunun da göstərdiyi performansı görməzdən gəldi.
Milli komandaya indiki anda kimlər hazırdısa onlar da dəvət olunmalıdır. Həm Fuad, həm də Fərid hazırkı məqamda mövqelərinin ən formada olan futbolçularından hesab oluna bilər. Bəs niyə dəvət almırlar?
İddia etmirəm ki, ya Fərid, ya da Fuad milli komandanı çiyinlərində daşıyacaq. Heç onların ilk gündən start heyətdə meydana buraxılmasını da kimsə gözləmir.
Ən azından ehtiyat qüvvə kimi dəvət ala bilərdilər. Və bu inkişafda olan, üzərində çalışan bu uşaqların yerində saymaması, daha da inkişafı üçün əlavə motivasiya ola bilərdi.
Əks halda, Azərbaycan Premyer Liqasının keçirilməsinin məramı nədir?
XANOĞLAN İMANOV