COP29

Azərbaycan millisi Fransa, Danimarka, Xorvatiya ola biləcək?

24 Mart 2023 23:00 Milli komanda 477
Azərbaycan millisi Fransa, Danimarka, Xorvatiya ola biləcək?

Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsinə start verir.

Rəqib Avstriya millisidir. Kifayət qədər təcrübəli, bərk komandanın qonağı olacağıq. Bu, öz yerində.

Ancaq onu da unutmaq olmaz ki, milli komandamız tarixində ilk dəfə hansısa səfər matçına indiki yüksək ab-havada yollanır. Rəqibin adından, gücündən çəkinməyərək.

Səbəb son qarşılaşmalardakı yüksək performansıdır.

Belə ki, A millimiz son 3 rəsmi oyundan maksimum xal yığıb. Həmin 3 rəqib arasında Belarus kimi zəif, Qazaxıstan kimi ortabab və Slovakiya kimi güclü milli adları var.

Bəli, yuxarıdakı qələbələrə müxtəlif fikirlərlə kölgə salınır. Lakin sonucda unutmaq olmaz ki, qələbə qələbədir axı. Ən lazımsız qələbənin belə kollektivə ziyanı yox, faydası var. Ən azından qələbə ruhunu formalaşdırmağa yardım etmiş olur.

Ona görə də axşamkı qarşılaşmadan gözləntilər böyükdür.

Bu ümidi qüvvətləndirən digər məqam isə rəqiblə bağlıdır.

Bizdən fərqli olaraq Avsrtiya millisi rəsmi oyunlarda “qara zolaq” yaşayır. Ralf Ranqnikin yetirmələri ardıcıl son 3 rəsmi oyunda da məğlubiyyət yaşayıb. Və rəqib qapılarından cəmi 1 qol keçirə biliblər.

Düzdü, rəqiblər adlı-sanlı Fransa, Xorvatiya, Danimarka milliləri olub.

Ancaq istənilən halda bu da uğursuzluq zolağına bəhanə ola bilməz.

İndi qalır, Avstriya millisinin qara günlərinin ömrünü daha da uzatmaq.

Bunu nə qədər bacarıb-bacarmayacağımızı “Raiffeisen Arena”dakı 90 dəqiqənin sonu göstərəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"