
"Hər iki matçda rəqiblərimizdən daha çox topa sahib olacağıq, amma bundan faydalanmaq da vacibdir".
Sportinfo.az xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Qernot Trauner AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəkləri oyunlardan əvvəl "Volksblatt" nəşrinə müsahibəsində deyib.
31 yaşlı müdafiəçi rəqiblərlə yaxından maraqlandıqlarını bildirib:
"Biz onların heyətlərinə nəzər yetirmişik. Məsələn, Azərbaycan millisindən Ozan Can Kökçü mənim "Feyenoord"dakı (Niderland) komanda yoldaşım Orkunun qardaşıdır".
Təcrübəli oyunçu iki görüşdə də meydana çıxmağa hazır olduğunu söyləyib:
"Bu qarşılaşmalarda qələbə qazanmaq yaxşı başlanğıc olar. AVRO-2024-ün final mərhələsinə yüksəlməyi hədəfləyirik".
Avstriya martın 24-də Azərbaycan, 27-də isə Estoniyanı qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.