AFFA-nın prezidenti Rövnəq Abdullayev Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində yığmanın futbolçuları ilə görüşüb.
Federasiyanın rəsmi məlumatına görə, qurumun vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdə AFFA prezidenti millinin oyunçularını Novruz bayramı münasibətilə təbrik edib, 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında onlara uğurlar arzulayb.
Baş məşqçi Canni De Byazi və komandanın kapitanı Emin Mahmudov AFFA rəhbərliyinə təşəkkürünü bildirib, qarşıdakı matçlarda uğurlu nəticə qazanmaq üçün komandanın tam gücü ilə səfərbər olacağını vurğulayıblar.
Bizdəki bilgiyə görə, R.Abdullayev kollektivə yüksək mükafat vəd edib.
Yığmanın son 5 oyunda qələbə qazanmasını xatırladan AFFA başçısı Avropa çempionatının seçmə mərhələsində bu uğurun ardının gəlməsini gözlədiyini bildirib.
Qeyd eləyib ki, nəticələr yaxşı olarsa, bunun maddi qarşılığı kifayət qədər yaxşı olacaq, hamı razı qalacaq.
Qrupda güclü rəqiblərin yer almasına rəğmən, o, millimizin sürprizlərə imza atacağına inandığını söyləyib.
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi martın 24-də Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya, üç gün sonra isə Solna şəhərindəki “Friends Arena”da İsveç ilə qarşılaşacaq.
SPORTİNFO.AZ

