Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində martın 24-ü Avstriya və 27-si İsveçə qarşı oyunlar keçirəcək.
Baş məşqçi Canni De Byazi bu oyunlar üçün 27 futbolçuya dəvət göndərib.
Hər zaman olduğu kmi, bu dəfə də italiyalı mütəxəssisin ədalətli seçim etməsinə şübhə yeri qalıb.
Bu da səbəbsiz deyil.
Belə ki, klubunda ehtiyatda qalan, daha az şans qazanan, məcburiyyətdən oynadılan bir neçə futbolçunun üzünə milli komandanın qapıları açılıb.
Onlar kimlərdi?
Tellur Mütəllimov (“Sabah”) – Cinah müdafiəçisi birmənalı olaraq klubunda əsas heyət üzvü hesab olunmur. Adətən ehtiyatdan oyuna qoşulur. Start heyətdə meydana çıxdığı oyunlar isə ya Amin Seydiyev, ya da Bojan Letiçdən biri cəzalı və ya zədəli duruma düşərsə ona qapılar açılır.
Ceyhun Nuriyev (“Sabah”) – “Sabah”ın bir başqa üzvü ilə bağlı durum da oxşardı. 21 yaşlı futbolçu bu il komandasının 9 rəsmi oyunundan yalnız 5-də iştirak edib. Və bu qarşılaşmaların heç birində əsas heyətdə yer almayıb. Üst-üstə isə cəmi 63 dəqiqə meydanda olub. Ceyhunla bağlı bir şeydə güzəşt etmək olar ki, gəncdir, istedadlıdır və gələcəyi qabaqdadır.
Filip Ozobiç (“Qarabağ”) - Ağdamlıların milliləşdirilən üzvü təxminən 3 aydan artıq zədəsi ilə məşğul oldu.Ötən ay geri qayıdan təcrübəli futbolçu bu il vur-tut 116 dəqiqə meydanda olub. Ən sıravi azarkeş də agahdır ki, xorvatiyalı milli üzvü formasından çox uzaqdır.
Rüstəm Əhmədzadə (“Zirə”) – 22 yaşlı futbolçu paytaxt təmsilçisinə nə gün ağladı ki, milli komandaya da nə gün ağlasın? Təsəvvür edin ki, işi-gücü qol vurmaq, assist etmək olan futbolçunun bu mövsüm aktivində cəmi 1 qol və 1 asist var. Meydana çıxdığı 23 görüşdən əksəriyyətində sonradan lazım olub. Rəşad Sadıqov onu gah vinger oynadır, gah forvard. Amma Rüstəm yerində saymağa davam edir. Yerində sayanı da əsas milliyə çağırallar?
De Byazinin suallarımıza cavabının, izahının nə olacaınıdemək çətindir.
Amma asan görünən odur ki, yuxarıdakı futbolçuların durumu "Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdı" məsəlindən heç fərqlənmir.
XANOĞLAN İMANOV

