"Konyaspor"un hücumçusu Mahir Emreli Azərbaycan millisinə qarşıdakı görüşlərdə kömək edə bilməyəcək.
26 yaşlı forvard zədəsini sağaltmaq üçün Türkiyəyə qayıdıb.
Emreli AVRO-2024-ün seçmə mərhələsinin Avstriya və İsveçlə oyunları üçün yığmaya çağırılmışdı.
Amma Emreli zədəli olduğunu bildirib. MRT müayinəsindən keçən zaman isə qasıq nahiyəsində kiçik dartınma aşkarlanıb.
Həkimlər onun Avstriya ilə martın 24-də keçiriləcək ilk matçı buraxacağı barədə Canni De Byaziyə məlumat verib.
Bununla belə, bildirilib ki, o, 3 gün sonra İsveçlə qarşılaşmada 30-35 dəqiqə forma geyinə bilər.
Mahir riskə getməyib. Baş məşqçi onun istənilən halda düşərgədə qalmasını istəyib, hücumçu buna da razılaşmayıb.
İtaliyalı Emrelinin vaxtından xeyli əvvəl Türkiyəyə dönməsinə əsəbiləşib və ondan narazılığını AFFA mənsubları ilə bölüşüb.
SPORTİNFO.AZ

