Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Avstriya və 27-də İsveçə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Canni De Byazi 27 futbolçuya dəvət göndərib.
İtaliyalı çalışdırıcı «Qarabağ»dan 7 nəfəri düşərgəyə çağırıb.
Abbas Hüseynov və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən ölkənin bir nömrəli komandasından uzaq düşüb. Qara Qarayevi başa düşdük – De Byazi onunla ədavət aparır.
Maraqlıdır, Bədavi Hüseynov ilə Maksim Medvedevin millidən kənarda qalmasının səbəbi nədir?
Maraqlananda, aydın oldu ki, B.Hüseynovun zədəsi Canni de Byazini fərqli addım atmağa sövq edib.
Hələ də ayağında ağrılar hiss edən müdafiəçinin komandaya kömək edə bilməyəcəyi məlum olub. Bədavi martdakı çempionat oyunlarının heç birində oynamayıb.
Maksimə inamın itməsinin səbəbi isə “Qarabağ”da az şans qazanması ilə əlaqədardır. 33 yaşlı kapitan mövsümün ikinci yarısında cəmi 3 matçda şans qazanmaqla 237 dəqiqə top dalınca qaçıb.
Yığmanın baş məşqçisinin qərarında Medvedevin oyun təcrübəsinin azlığı əsas rol oynayıb.
HƏBİB / SPORTİNFO.AZ

