De Byazi iş yerindən qovulacağından qorxur – Onun "gözünün odunu" kim alıb?

19 Mart 2023 11:40 Milli komanda 1 915
De Byazi iş yerindən qovulacağından qorxur – Onun "gözünün odunu" kim alıb?

20020-ci ildən Azərbaycan millisini çalışdıran Canni De Byazi bugünlərdə "Radio Crc"ə verdiyi müsahibə ilə diqqət mərkəzinə düşdü.

67 yaşlı mütəxəssis Avro-2024-ün seçmə mərhələsindən sonra ölkəmizdən birdəfəlik ayrılacağını iddia edib.

Ötən ilin payızında AFFA ilə üçüncü, bu dəfə 2 illik yeni müqavilə imzalayan italiyalı ölkəsindən olan jurnalistlərə deyib:

"Düşünürəm ki, müqavilə müddəti bitəndən sonra onu bir daha uzatmayacam. Burada yığmanın ardıcıl beş qələbə qazanması qeyri-adi hadisədir.

Mənim Azərbaycandan kənarda çıxış edən dörd oyunçum var. Anton Krivotsyuka baxmaq üçün Cənubi Koreya çempionatını izlədim.

İtaliya A Seriyası üçün hazır futbolçu yoxdur. Amma düşünürəm ki, bəzi gənc futbolçular inkişaf edə bilər.

Mahir Emreli yaxşı keyfiyyətlərə malikdir. Lakin onlardan yararlana bilmir.

Martın 24-də AVRO-2024-ün seçmə mərhələsində Avstriyanın qonağı olacağıq. 20 yaşlı qapıçıya (Yusif İmanov - red) şans verəcəm.

Çünki artıq qapıçılarım yoxdur. Onun yaxşı bacarığı var. Məncə, bir oyunçu gənc olsa da, ona şans vermək lazımdır".

De Byazinin İtaliya mətbuatında çıxan müsahibəsi burada birmənalı qarşılanmadı. Çoxsaylı reaksiyalar oldu. Bunu görən çalışdırıcı fikirlərinin təhrif olunduğunu söylədi:

"Mən heç bir KİV-ə hazırkı müqaviləmin müddəti bitdikdən sonra sözləşməni uzatmayacağımı deməmişəm.

Söylədim ki, dekabrın 1-dək müqaviləm var və bu, bitdikdən sonra AFFA ilə gələcək əməkdaşlığı müzakirə edəcəm.

Yalnız bundan sonra mənim yığmanın sükanı arxasında qalıb-qalmayacağım bəlli olacaq".

Bu hal artıq neçənci dəfədir təkrarlanır. Apenninli mütəxəssis indiyədək eyni məzmunlu təkzib açıqlamaları ilə gündəmə gəlib.

O, hər dəfə italiyalı həmkarlarımızın fikirlərini təhrif etdiyini deyir, sonra yenə onlara danışır. Halbuki De Byazi AFFA-ya yaxın media orqanlarının birinə etiraf edib ki, başqa ölkələrdən təklif alıb:

"Mənə hələ də təkliflər gəlməyə davam edir. Xidmətimdə maraqlı olan komandalar var.

Artıq bunun mənim üçün heç bir önəmi yoxdur. Çünki mən onlara qəti şəkildə bildirmişəm ki, dekabr ayına qədər Azərbaycan millisi ilə müqaviləm var və burdan heç yerə getmək fikrim yoxdur. Təbii ki, qovmasalar".

De Byazinin gah nala, gah mıxa vurması təsadüf deyil. O, Elxan Məmmədovun icraçı vitse-prezident və baş katib postundan getməsindən sonra AFFA rəhbərliyinin şəxsinə münasibətinin dəyişməsindən narahatdır.

Görür və anlayır ki, bu həna o hənadan deyil, Sərxan Hacıyev Elxan Məmmədov kimi ona isti münasibət bəsləmir. Və uğursuz oyunlar bir-birini əvəz eləsə, kontraktına birtrəfli qaydada xitam verilə bilər.

Məmmədov De Byazi ilə gündəlik təmasda olur, tez-tez görüşür, öz dəstəyini nümayiş etdirirdi. Yeni baş katib baş məşqçini həmin istiliyi göstəmir, tez-tez italyan mətbəxinə qonaq eləmir, birlikdə viski və şərabın dadına baxmır.

67 yaşlı sükançıya məlumdur ki, Hacıyev millinin sükanı arxasına yerlilərdən birini gətirmək niyyətindədir.

O, hələ ötən ilin mayında, təyinatından az sonra mətbuat işçilərinə açıq bildirmişdi ki, hansısa əcnəbinin ölkənin bir nömrəli komandasında görmür və görmək istəmir.

De Byazinin üçüncü müddətə yığmanın başında qalması onluq olmadı. AFFA İcraiyyə Komitəsi təlimat əsasında hazırkı çalışdırıcını bu yerdə saxladı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti