“Kimi yoxlamamışıqsa, onları millyə çağıracağıq”

14 Mart 2023 02:40 Milli komanda 683
“Kimi yoxlamamışıqsa, onları millyə çağıracağıq”

AFFA-nın İcraiyyə Komitəsinin Hesabat Konfransında aşağı yaş qruplarından ibarət millilərimizin baş məşqçiləri təsdiqləndi. U-18 yığmamız da Elxan Abdullayevə həvalə olundu.

Sportinfo.az xəbər verir ki, o, qaynarinfo-ya açıqlamasında qarşıdakı planlardan danışıb, təlim-məşq tolanışlarına nə zaman başlayacaqlarını bildirib:

"Bildiyiniz kimi, beynəlxalq yarışlarda iki millimiz - U-17 və U-19 iştirak edir. U-18-lər üçün isə yarış yoxdur. Amma bu o demək deyil ki, bu yaş qrupunda olan uşaqlar məşqsiz, toplanışsız, oyunlarsız qalmalıdır. Məqsədimiz U-17-dən, U-19-a gedən futbolçuları daim formada saxlamaqdır. Bu il ciddi turnir olmayacaq. Birisigünə, ayın 13-də məşqlərimiz başlayacaq. Yeni ildə ilk toplanışımızdır. 23 futbolçu olacaq. Kimi yoxlamamışıqsa, onları çağıracağıq. Yoldaşlıq görüşü keçirib hazırda hansı formada olduqlarını görəcəyik. Bir növ seleksiya məşqləri kimi olacaq”.

Abdullayev toplanışın Bakıda olacağını və xaricə getməyəcəklərini də bildirib:

"Toplanışı "Dalğa Arena”da keçirəcəyik. Hazırda xaricə getməyə ehtiyac yoxdur. Çünki çempionat davam edir. Bizdə 2006 təvəllüdlü futbolçulardır. 2005-lərə Aqil Nəbiyev, 2007 təvəllüdlü futbolçulardan ibarət yığmaya isə Füzuli müəllim rəhbərlik edir. Məsələn, bizdən 5-6 nəfər ən yaxşı, perspektivli futbolçunu Aqil müəllim öz komandasına dəvət edir. Həmçinin Füzuli müəllimin komandasından da bəzi futbolçular U-19-la birlikdə yarışlara hazırlaşdığı üçün, toplanışa dəvət etmirik. Onlar bu il prioritet hesab olunur. Biz də yerimizdə oturmuruq, öz işimizi görürük. Yerdə qalan namizədləri yoxlayırıq. Oyunlarını izləyirik. Çalışırıq ki, formasız qalmasınlar. Əlbəttə, beynəlxalq oyunlar da olacaq. Bu il 10-a yaxın toplanış planlaşdırmışıq. Ola bilsin, xarici ölkəyə də gedək. Bilirsiniz, UEFA-nın müəyyənləşdirdiyi tarixlər var və onların hansındasa xaricə gedəcəyimiz dəqiqləşməyib. Aşağı yaş qrupları belədir ki, hər ölkədə cürbəcür yarışlar keçirilir. Rəqib tapanda fərq etməz səfərdə, yaxud evdə oynayacağıq. Əsas odur ki, oyun keçirək. Məqsəd təcrübə toplamaqdırsa, harda oynayacağımız önəmli deyil. Türkiyədə, Bakıda da ola bilər”.

Mütəxəssis Azərbaycanda bütün gənc futbolçuların milliyə potensial namizəd olduğunu deyib:

"2006 təvəllüdlü hər bir Azərbaycan vətəndaşı olan futbolçu bizim milliyə potensial namizəddir. Bu yaş qruplarında üzv olmur. Hamısı namizəddir. Sən bir toplanışa 25 futbolçu çağırarsan. Amma gələn toplanışda başqalarını dəvət edə bilərsən. Hər insanın burda oynamaq haqqı var. Sadəcə, hər şey onların durumlarından asılıdır. Biri inkişaf edir, digəri formadan düşə bilər. Hər uşağın yığmaya düşmək şansı var”.

Digər Xəbərlər
Xəbər Lenti