Azərbaycana futbol tariximizin ən qara gecəsini Fransa yaşadıb.
«Oser faciəsi» heç vaxt unudulmayıb, bundan sonra da unudulmayacaq.
O 10:0 dünən də təkrarlana bilərdi. Yaxşı ki, VAR var.
Texnologiya sayəsində iki əlavə qoldan qurtulduq. VAR olmasaydı, həmin qolları da tabloya yazdırıb, daha da iştaha gələcəkdilər.
Beşin üstünə bir beş də qoyub, vayımıza oturacaqdılar. Niyə gizlədək, kimdən gizlədək - bizim milli zəif deyil, çox zəifdir.
Millini daha böyükhesablı, ikirəqəmli məğlubiyyətdən Ayxan Abbasov xilas etmədi.
Baş mşqçi fasilədən sonra müdafiədə adam sayını bir qədər də çoxaltmaqla, rəqibin cərimə meydançamıza sərbəst girişini müəyyən qədər məhdudlaşdırdı, lakin bunu deməkdən çəkinməməliyik - fransızlar artıq oyundan soyumuşdu, iki-üç epizoddan əlavə qol arayışına çıxmağa həvəsləri qalmamışdı.
Biz futbolda onlardan 40-50 il geriyik. Bəlkə də daha çox.
Bir qərinədən daha artıq müddətdən gedir e, söhbət! Arada bu yekəlikdə uçurum var ikən, yaxın gələcəklə əlaqəli nikbin danışmağa adam ürək eləmir.
Topumuz olsa da, topçumuz yoxdur.
Qolumuz olsa da, qolçumuz yoxdur.
Ümumiyyətlə, futbol adına çox şeyimiz yoxdur. Quru addan savayı.
Futbolu isə quru adlar oynamır. Milli klubunda ehtiyatda qalanların ümidinə qalıbsa, aylarla meydana ayaq basmayanlardan mədət uma bilməzsən.
Otur yerində və qapına vurulan qolları say - bir, iki, üç…
Yenə Didye Deşamın əlini sıxaq ki, fasilədə futbolçularını sakitləşdirdi. Bir az qaz versəydi onlara, vallah, öz qazımız qoltuğumuzda qalacaqdı.
KAMİL

