COP29

AFFA sevincimizi gözümüzdə qoydu

15 İyun 03:00 Milli komanda 1 009
AFFA sevincimizi gözümüzdə qoydu

Sevinməyə tələsibmişəm. Təxminən bir həftə bundan əvvəl rusiyalı çalışdırıcı Stanislav Çerçesovun Qazaxıstan Futbol Federasiyası ilə razılaşması, bu ölkənin yığmasını çalışdırmağa başlaması məni xeyli sevindirmişdi. Düşünürdüm ki, Çerçesovdan yaxşı canımızı qurtardıq, AFFA onu millimizə baş məşqçi gətirmədi. Sadəlöhvcəsinə inanmağa başlamışdım ki, AFFA daha yaxşı seçim edəcək, milliyə baş məşqçi təyin edərkən futbolumuzun mənafeyi naminə doğru addım atacaq. Çox təəssüf edirəm ki, bu dəfə də AFFA bizi yanıltdı.

AFFA rəhbərliyi 69 yaşlı portuqaliyalı Fernandu Santuşu Azərbaycan millisinə baş məşqçi təyin etdi. Özü də tələm-tələsik. İcraiyyə Komitəsinin üzvlərini bir araya toplamağa çatdırmadılar, onlayn şəkildə keçirilən iclasda bu təyinat rəsmiləşdi. Olmaya, qorxdular ki, bir az da yubansalar Santuşun 70 yaşı tamam olacaq, el-aləm bizi ələ salacaq?! Onsuz da gülüş hədəfinə çevrilmişik. Polşa millisinin və İstanbul "Beşiktaş”ının azarkeşləri bizə "keçmiş olsun” ismarıclarını yollayırlar. Onlar portuqaliyalının nəyə qadir olduğunu yaxşı bildiklərindən bizi nəyin gözlədiyini təxmin edirlər. Məhz bu səbəbdən də yarızarafat, yarıgerçək təziyə mesajlarını bizə ünvanlayırlar.

Məsələ heç də Santuşun oktyabrın 10-da 70 yaşını tamamlamasından getmir. Atalarımız bizə "qocalara hörmət edin, çünki özünüz də qocalacaqsınız” deyiblər. Bu hikmətli kəlam öz yerində. Bizim cavab verməli olduğumuz sual odur ki, bizə bu yaşda, bu çəkidə, bu bahalığında məşqçi lazım idimi? Heç şübhə etməyə dəyməz ki, Santuş De Byazidən daha artıq məvacibə AFFA ilə razılaşıb. Bu yaşda mütəxəssislərin özünü sübut etmək kimi problemləri yoxdur. Təbii ki, bu yaş qrupuna aid olan insanlar üçün perespektiv də qurtarır, onlar işlə başlarını qatır, həm də kapitallarını bir qədər də artırmağa çalışırlar. Foqtsda da bunu görmüşük, De Byazidə də. Santuş da bu qatarın növbəti sərnişinidir.

AFFA Santuşun qarşısına AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyub. Həmin vaxt Santuşun özünün 74 yaşı olacaq. Kim bilir, 2028-ci ildə portuqaliyalının səhhəti hansı vəziyyətdə olacaq, ona işləməyə imkan verəcək, ya yox?! Mən heç kimə xəstəlik arzulamıram. Həyatın qanunu belədir. İkinci bir məsələ Azərbaycan millisinin bu "uğurlu çıxışa” hansı futbolçularla nail olacağıdır. Millinin kapitanı Emin Mahmudov 32 yaşını tamamlayıb. Bir neçə ildən sonra Emin aktiv futbolçu karyerasını bitirəcək. Bir azərbaycanlı futbolçunun "Dinamo” Zaqrebdə ehtiyatda oturmasını böyük uğur kimi qiymətləndirən Mahir Emreli 27 yaşını doldurmaq üzrədir, 4 il sonra onun da 31 yaşı olacaq. Hələ də ondan gözlənilənləri verə bilməyən hücumçu Ramil Şeydayev Mahirdən bir yaş böyükdür. Deməli, 2028-ci ildə Şeydayev də 32-ci doğum gününü qeyd edəcək. Adlarını sadaladıqlarım az-çox fərqlənənlər, gözümüzü dikdiklərimizdir. Təəssüflər olsun ki, onların düz-əməlli davamçısı da yetişmir.

O zaman adamın beynini bir sual deşir. Ahıl yaşında Azərbaycana gəlməyə razılaşan Fernandu Santuş rəqabətədavamlı komandanı hansı futbolçulardan formalaşdıracaq, AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxışı kiminlə edəcək? Çox təəssüf ki, AFFA bu qurumun mayasına hopmuş köhnə xəstəliyindən əl çəkmədi, bizi də məyus etdi (qaynarinfo).

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti