COP29

"Biz uduzub peşman oluruq"

11 İyun 02:40 Milli komanda 656
"Biz uduzub peşman oluruq"

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının 1/4 finalında Qazaxıstanla qolsuz bitən oyunun penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

Buna qədər isə komanda qrupda 9 xal (Belçika - 3:0, İtaliya - 2:1, Fransa - 3:1) toplayıb və 1/8 finalda Bolqarıstanı üstələyib - 3:1.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Elşad Quliyev “report”a müsahibəsində Avropa çempionatındakı nəticələr və keçirdikləri oyunlar barədə danışıb.

Qazaxıstanla oyunun penaltilər seriyasına toxunan mütəxəssis həmçinin Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı planlardan bəhs edib.

- Millinin Avropa çempionatındakı çıxışını necə dəyərləndirirsiniz?

- Təəssüf ki, Avropa çempionatında çıxışımızı erkən bitirdik. Ardıcıl 4 qələbədən sonra Qazaxıstanla oyunda qalib gəlmək üçün bir qol çatmadı. Rəqib müdafiəyə qapanmışdı. Penaltilər seriyasında məğlub olduq. Bilirsiniz ki, penaltilər lotereyadır. Hansısa komandadan zəif çıxış etdiyimizi deməzdim. Özümüzü çox yaxşı tərəfdən göstərdik, Avropa beşincisi olduq. Dünya çempionatına daha yaxşı komanda ilə çıxmağa çalışacağıq. Yaxşı komanda qurmuşuq. Hər il çempion olmaq asan deyil. Qazaxıstan səddini keçmək istərdik, çünki ikinci dəfədir bu komandaya uduzuruq.

- Sizə elə gəlmir ki, Qazaxıstan millisinin müdafiəsini yarmaq cəhdləriniz yetərli deyildi?

- Təəssüf ki, hər dəfə güclü komandalar qalib gələ bilmir.

- Avropa çempionu titulunu qoruya bilmədiniz. Bunu geriyə addım saymaq olar?

- Minifutbol Azərbaycanda o qədər populyar idman növünə çevrilib ki, xalqımız bütün beynəlxalq yarışlarda bizdən ancaq birinci yeri tələb edir. Belə yarışlarda ardıcıl çempionluq çox çətindir. Çox güclü təməli olan milli yaratmışıq. Komanda yüksək nəticələr uğrunda oynaya biləcək səviyyədədir. Ola bilər, bu gün dünəndən bir addım geridə qaldıq. Daha yaxşı komanda formalaşdırmaq üçün vaxt lazımdır. 2022-ci ildə Avropa çempionu olanda minifutbolun təməlini əsaslı şəkildə yaratmağa çalışdıq. U-23 komandası yaratmağı və çempionatımızı gücləndirməyi düşündük. Ən yaxşı nəticəni əldə etmək üçün çalışırıq.

- Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov "Report"a açıqlamasında bildirib ki, bəzi təcrübəli futbolçular Qazaxıstanla oyunsonrası penaltilər seriyasında nöqtəyə yaxınlaşmaqdan ehtiyat ediblər. Söhbət hansı futbolçulardan gedir və onlar niyə özlərinə əmin deyildilər?

- Orxan müəllimin nəyi nəzərdə tutub belə dediyini bilmirəm. Dünyada o qədər təcrübəli futbolçular penalti qaçırıb ki... Bəlkə də saymaqla bitməz. Amma biz 7-ci penaltini vura bilməmişik. Fərqi yoxdur, bu halla təcrübəli və ya təcrübəsiz futbolçular da üzləşə bilər. Penaltini qaçıran futbolçu da təcrübəlidir. Azərbaycan çempionatında iştirak edir. Kim hazırdırsa, topu götürüb vurur. Biz cəmi üç penalti vuranın adını yaza bilirik. Qalanlarını kim hazırdırsa, onlar da vurmalıdır. Ola bilsin, daha təcrübəli futbolçular qalıb. Lakin bunun məğlubiyyətin səbəbi olduğunu düşünmürəm.

- Penaltilər seriyasında qapıçı seçiminiz oyunu izləyənlər tərəfindən birmənalı qarşılanmadı. Hər halda, Davud Kərimi Vəli Qafarovdan daha təcrübəli qapıçıdır.

- Məşqlər zamanı penaltilərdə Vəli özünü daha yaxşı tərəfdən göstərirdi. Ona görə də seçimim belə oldu. Sonradan alınmadığı üçün onu Davudla əvəzlədik. İki dəfə qapını o qorudu. Əslində qapıçılıq bir şey yox idi. Rəqib komanda penalti zərbələrindən yaxşı istifadə etdi.

- Qazaxıstanla yenidən qarşılaşsaydınız, fərqli oyun və taktikadan istifadə edərdiniz?

- Təəssüf ki, fərqli heyətimiz yoxdur. Ən güclü futbolçuları yığıb gətirmişdik. Demək olar, bu futbolçularla Avropa çempionluğunu qazanmışıq. Komandanın özəyini onlar təşkil edirlər. Deməzdim ki, taktika baxımından nəyisə dəyişərdik. Rəqib müdafiəyə çəkilib, sən ona qol vurmalısan. Başqa nə etmək olar? Müdafiədən oynasan, qol vurmaq şansın daha da azalar. Hücum futbolu oynamışıq.

- Avropa çempionatında çıxış edən digər komandaların da heyətində böyük futboldan gələnlər var idi?

- Bir qədər səbirli olsaz, dünya çempionatında kimlərin oynadığını görə bilərsiniz. Burda həvəskarlardan söhbət gedə bilməz. Yarışda həvəskar komanda yox idi. Demək olar, hamı peşəkar səviyyədə hazırlaşıb. Qazaxıstan millisinin üzvlərinin, demək olar ki, hamısı futzalçılardır. Onlar hazırda da Qazaxıstan çempionatında oynayırlar. Qışda futzalda, yayda minifutbolda oynayırlar.

- Bu çempionatdan sonra komandada heyət baxımından hansısa dəyişiklik etməyi düşünürsünüz?

- Heyət baxımından onsuz da hər il bir-iki dəyişiklik olur. Yəqin ki, bu il də yaxşı futbolçular üzə çıxsa, dəvət edəcəyik. Deməzdim ki, bütün heyəti dəyişəcəyəm. 10 faiz fərq edə bilər. Çünki çox güclü heyətimiz var. Oyun baxımından heç kimə uduzmamışıq. Sadəcə, qol vura bilməmişik və bunun üzərində işləmək lazımdır ki, belə çətin rəqiblərlə matçlarda fərqlənə bilək.

- Avropa çempionatına aparmaq istədiyiniz, amma müəyyən səbəblərdən apara bilmədiyiniz futbolçular olub? Məsələn, futbol millimizin sabiq forvardı Rauf Əliyevin də yarışda iştirak edəcəyi gözlənilirdi.

- Rauf Əliyev komanda ilə Monteneqroya getmişdi. Yoldaşlıq görüşlərində bizimlə birlikdə idi. Sadəcə, Raufun zədə problemi var. Məşq edən kimi dizinə su yığılır. Onun sağlamlığı bizim üçün çox önəmlidir. Minifutbola görə kiminsə ömür boyu şikəst qalmasını istəmirik. Sağalmağa ehtiyacı var. Başqa belə futbolçu yox idi. Bu o demək deyil ki, dünya çempionantı üçün heyətdə yeni adlar olmayacaq. Ümumiyyətlə, hər çempionatda rəqiblərin gücləndiyi görünür.

- Qarşıdan gələn dünya çempionatı üçün hazırlıq planınız məlumdur?

- Açığı, hazırlıq planımız yoxdur. Azərbaycana yeni qayıtmışıq. 10 gün ərzində planı təqdim etməliyik. Xaricdə toplanış olmalıdır. Amma bu, çempionat ərəfəsində baş tuta bilər. Düşünürük ki, iki dəfə ya turnir, ya da hansısa toplanışda iştirak edək.

- Minifutbol üzrə beynəlxalq yarışların FIFA və UEFA tərəfindən tanınması mümkündür?

- Bu prosesin çox uzanacağına inanmıram. Fikrimcə, minifutbol bir-iki ilə FIFA tərəfindən tanına bilər. Çünki dünyada maraq və inkişaf böyükdür. FIFA və UEFA tərəfindən tanınsa, bir neçə güclü futbol ölkəsi də yarışlara qoşulacaq. Seçmə mərhələ oyunlarının da olacağına əminəm.

- Belə olan təqdirdə, digər ölkələrin minifutbola daha ciddi yanaşacaqları şübhə doğurmur. Bu məqam millimizin perspektivinə necə təsir edə bilər?

- Azərbaycan yığması hazırda minifutbolda 5 ən güclü komanda sırasındadır. Bunu yarıda buraxsaq, sonra itirə bilərik. Ona görə də hər an hazır olmalıyıq. Güclü millimiz və federasiyamız var. Minifutbol FIFA və UEFA tərəfindən tanınsa, yenə də ən güclülərdən biri kimi qalacağıq. Avropa çempionu olmamışdan əvvəl Azərbaycanda minifutbol nə dərəcədə sevilirdi? İndi isə görün nə qədər insan bu idman növü ilə məşğuldur. Minifutbol oynayanların sayı 3 dəfə artıb. Maraqlı çempionat keçirilir. Bu o deməkdir ki, nə qədər vətəndaşımız pis vərdişlərdən uzaqlaşır. Biz uduzub peşman oluruq və qələbə qazanıb sevinirik. Ancaq bunun ölkəmizə böyük təsiri var. Bu da bizi sevindirir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"