Zəngilanı qarış-qarış gəzdim...

26 Oktyabr 2020 21:10 Köşə 1 205
Zəngilanı qarış-qarış gəzdim...

Elə bil dünən idi, 25 oktyabr 1993-cü il. İnsanlığa və özgə torpaqlarına qənim kəsilən Ermənistan silahlı qüvvələri Cəbrayıl rayonunun Arazboyu kəndlərini işğal etməklə Zəngilanı tam blokadaya saldı. Bununla da Azərbaycanın İranla dövlət sərhəddi bu ərazilərdən Zəngilan rayonuna qədər düşmənin nəzarətinə keçdi. Cənub və cənub-şərqdən İranla, qərb və şimal-qərbdən Ermənistanla sərhəddə yerləşən rayonun respublikamızın digər əraziləri ilə sərhəddi tam bağlandı. Həmin günlərdə orada vəziyyət demək olar ki, tam qaydasına düşmışdü. Düşmənin hərbi təcavüzlərinə 1993-cü ilin aprel ayının 10-11-də verilən tutarlı cavab onları bərk sarsıtmışdı.Bu səbəbdən də əhalinin əhval-ruhiyyəsi yaxşı idi. Hətta toy mərasimləri də ara vermirdi. Hərbi hissənin komandiri rəhmətlik Firudin Şabanovun rəşadəti isə yerli sakinlərə xeyli təsəlli idi.

Rayonda keçirilən toy mərasimlərindən sonra Bakıya qayıdan dinc sakinlərin Cəbrayıl rayonunun Mahmudlu kəndində erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması və bir neçəsinin girov götürülməsi bir an içərisində böyük fəlakətə çevrildi. Zəngilan-Bakı qatarının isə sərnişinləri ilə birlikdə Mincivan qəsəbə stansiyasında səhərə qədər qalması isə faciənin bir addımlığında olduğunu göstərdi. Rayon əhalisi düşmənin blokadasında qaldı. İşğal altında olan Cəbrayıl rayonunda telefon qovşağının dağıdılması nəticəsində rabitə əlaqəsi də kəsildi.

Zəngilanın müdafiəsində dayanan igidlərimiz – milli ordu və daxili qoşun əsgərləri, polis əməkdaşları və yerli sakinlər son ana qədər mübarizə aparmaq əzmində idilər. Torpaq uğrunda döyüşlər oktyabrın -na qədər davam etdi. Lakin silah-sursatın və ərzağın tükənməsi vətənpərvər oğullarımızın müasir silahlarların qarşısından geri çəkilməsinə və Ali Baş komandanımızın məhz bu gün verilən əmrini gözləməyinə səbəb oldu.

Dinc sakinlərin girov və əsgərlərimizin əsir düşməməsi üçün maksimal şəraitdə əməliyyat quruldu. Bütün rayon əhalisi Araz çayını keçməklə İran ərazisinə qədəm qoyduqdan sonra ordumuz hissə-hissə geri çəkilmək məcburiyyətində qaldı.

Həmin vaxt qeyri-ixtiyari olaraq bu hissləri keçirdim: Bəlkə bu yerlərə bir də gəlmədik. Dayım oğlu Əmirin maşını ilə birlikdə rayonu qarış-qarış gəzdik. Boş küçələr artilleriya atəşindən lərzəyə gəlirdi... Mal-qara həyətlərdə gəzir, itlər sahibsiz qalmışdı... Fotoaparatım dayanmaq bilmirdi, açgözlüklə bütün küçələri, binaları, həyətləri yaddaşa köçürürdüm...

Evimizin qarşısında bir an içərisində donub qaldım. Bu gün haqq dünyasında olan valideynlərim yurdumuzu tərk etmək istəmirdi... Həyətdə xeyli gəzdik... Evi və həyəti ağır dərd içində bağladıq. Bu günə qədər imdad diləyən açarları özümüzlə götürüb evdən ayrılanda pişiyimizi pərişan halda gördük. Elə bil bizdən əbədi ayrılacağını bilirdi... Özümüzlə götürmək istədik, alınmadı... Görünür son gününə qədər gözləri yolda qalıb...

Şükür bu günümüzə, 27 il ərzində xatirələrimizdə yaşayan yurdumuza qayıtmaq ərəfəsindəyik...

Mikayıl NƏRİMANOĞLU

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?