Son həftələrdəki uğursuz çıxış Kaxaber Sxadadzeni «Qəbələ» rəhbərlyiinin gözündən salıb.
Baş məşqçinin vəzifəsindən uzaqlaşdırılması artıq gündəmdədir.
2024-cü ilin martından bu yana «qırmızı-qaralar»ı çalışdıran gürcünün taleyi tükdən asılı hala gəlib.
Premyer Liqada qalmaq uğrunda rəqabətdə inamsız təsir bağışlayan komandanın ötən tur «Sabah»a 1:7 hesablı məğlubiyyəti yönətimin səbr kasasını daşırıb.
Düşərgədən aldığımız məlumata görə, əyalət təmsilçisi yeni çalışdırıcı axtarışına çıxıb. Hələlik bu proses tam sakit şəkildə aparılır.
Bildiyimizə görə, Sxadadzenin yerinə gələcək məşqçi yerli olacaq. Yenidən əcnəbi gətirmək fikirləri yoxdur.
23 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində mövqe tutmuş «Qəbələ» bu gün «Neftçi»ni qəbul edəcək.
Ev sahibləri rəqibinə uduzsa, böyük ehtimalla, ayrılıq qərarının rəsmən açıqlanması üçün uzun müddət gözləməyəcəyik.
SPORTİNFO.AZ

