"Neftçi"ni saxtalaşdırırlar!

18 Mart 2020 18:06 Köşə 1 212
"Neftçi"ni saxtalaşdırırlar!

Son illər martın 18-ni "Neftçi"nin yarandığı gün kimi cəmiyyətə sırımaq, klubun tarixi haqda məlumatsız insanları, azarkeşləri, gəncləri aldatmaq istəyirlər. Tarixi saxtalaşdırırlar!

Faktlar isə bunun tam əksini göstərir və klubun martın 18-dən əvvəl yarandığını sübut edir.

Klubun martın 18-i yaranması haqda heç bir sənəd-sübut yoxdu.

1937-ci il martın 15-i SSRİ bədən tərbiyəsi və idman komitəsinin sədri Xarçenkonun imzası ilə paytaxt klubuna göndərilən əsasnamədə komandamızın adını görürük. Məntiqlə martın 18-i yaranan klubun adı martın 15-i təsdiqlənmiş (bəlkə də, daha əvvəl, sadəcə həmin gün əsasnamə teleqramla Bakıya göndərilib) çempionatın əsasnaməsində ola bilməz! Deməli, "Neftçi" nəinki martın 18-dən, hətta, martın 15-dən, yəni həmin əsasnamə Bakıya göndərilən gündən daha əvvəl yaranıb!

Bu haqda "Neftçi 70" kitabında da ətraflı bəhs olunur. Kitabda "Neftçi"nin "Leninneft" komandasında çıxış edən futbolçulardan yeni təşkil olunmuş komanda kimi qeydə alındığını və bu hadisənin yanvar ayında baş verdiyi yazılır.

Yəni, "Neftçi" 1937-ci ilin YANVAR ayında yaranıb! O zaman nədən yaranış günü kimi deyək ki, yanvarın 19-nu yox, martın 18-ni qeyd etməliyik?! Ən azı illər sonra həmin gün "Neftçi" "Pünik" üzərində Azərbaycan futbol tarixinin ən möhtəşəm qələbəsini qazanıb!

Bəs martın 18-i nə olub? Heç nə! Bu tarixi yaranma günü kimi təqdim etmək ilk dəfə kimin ağlına gəlib bilmirəm. Amma çox uğursuz, məntiqsiz və həqiqəti əks etdirməyən bir fikirdi, 83 illik bir klubun tarixini ələ salmaqdı...

Anar ŞABANOĞLU

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?