1 xal, 10 milyon manat – Hə, pul da nə qədər istəsən…

12 Noyabr 2021 19:00 Köşə 2 831
1 xal, 10 milyon manat – Hə, pul da nə qədər istəsən…

8 oyun, cəmisi 1 xal və sərf olunan 10 milyon manat vəsait.

Pul itətökdür. Amma Azərbaycanın böyük futbol ənənələri olan şəhər və rayonlarında - Mingəçevirdə, Qazaxda, Şirvanda, Şəmkirdə, Masallıda, Qusarda uşaqlar futbol oynamaq üçün stadion tapa bilmirlər.

Nəinki stadion, top, forma üzünə də həsrətdirlər.

8 oyun, 1 xal, 10 milyon manat – pul itətökdür. Azərbaycan çempionatında çıxış etmək üçün 10 komanda tapa bilmirlər. Zor-güc, 8 komanda düzəldirlər.

8 oyun, 1 xal, 10 milyon manat – pul itətökdür. Amma Azərbaycanın bölgələrində futbol yoxdur. Məcbur olub Bakı komandasının adını dəyişdirib Şamaxıya göndərirlər.

8 oyun, 1 xal, 10 milyon manat – pul itətökdür. Amma Azərbaycan yığmasında oynamaq üçün futbolçu tapılmır. Rusiyanı ələk-fələk edib oyunçu axtarırlar, saxta yolla milliləşdirirlər. Azərbaycanın bütün yaş qrupları üzrə yığmaların əsasını milliləşdirilmiş əcnəbilər təşkil edir.

8 oyun, 1 xal, 10 milyon manat – pul itətökdür. Amma Murovda xidmət edən zabitin məvacibi azaldılır. Şagirdə möhtac qalan müəllim 250 manat məvacib alır, həkim xəstənin əlinə baxır.

8 oyun, 1 xal, 10 milyon manat – pul itətökdür. Amma idman jurnalisti ailəsini dolandırmaq üçün 3-4 yerdə işləməyə məcburdur. İşləməlidir, canı çıxana qədər.

8 oyun, 1 xal, 10 milyon manat – pul itətökdür. Belə istedadlı dələduzların yeri futbol deyil. İnanın, onlar daha yüksək vəzifələrə layiqdirlər.

8 oyun, 1 xal, 10 milyon manat – pul itətökdür. İtə tökürlər, yada da verirlər. Amma bu xalqa...

Natiq Muxtarlı

Xəbər Lenti