Premyer Liqanı bu dar macalda ÖLMƏYƏ QOYMAYANLAR

28 Fevral 2021 13:00 Köşə 2 166
Premyer Liqanı bu dar macalda ÖLMƏYƏ QOYMAYANLAR

Azərbaycan Premyer Liqasında səviyyə aşağıdır, amma son illərin ən gərgin mübarizəsi gedir.

Bu fikri tək mən demirəm, əksər futbol mütəxəssislərinin dilindən eşitmişəm və iki əlli dəstəkləyirəm.

Bəli, Azərbaycan Premyer Liqasının səviyyəsi aşağıdır. Hər ötən il bu səviyyə daha da aşağı düşür. Səbəblər hər kəsə məlumdur. Bölgə futbolu məhv edilib. "Bakı"nın dağılması bir yana, əla bazası da məhv edildi.

Deyəsən, sıra "Qəbələ"yə çatıb. Proseslər onu göstərir. Çünki futbol idarəçilərimizə Bakıda, Qəbələdə, Lənkəranda futbol akademiyası yox, Berlində lazımdır.

Premyer Liqada cəmi 8 klub var. Onun da 2-si ya 3-ü müstəqil ola ya olmaya. Digərləri peşəkar klub kimi yox, müəyyən məqsədlər üçün alət kimi idarə olunur. Bütün günahlar isə təbii ki, AFFA-nındır.

Fərdi səhvlər hansısa prosesə təsir edə bilər. Amma ana xəttin zədəli olması birbaşa futbolumuza cavabdeh olan şəxslərin günahıdır. Çünki inkişaf etmək, səviyyə qaldırmaq onların vecinə də deyil.

Bəs səviyyə olmayan yerdə mübarizə necə var? Bunu kimin ayağına yazaq? Cavab birmənalıdır - gənc və istedadlı yerli məşqçilərin sayəsində.

Bəli, bu gün çempionatımızda az-çox mübarizə, rəqabət, gərginlik varsa, onu da yerli gənc məşqçilərimizə borcluyuq.

Məsələn, Aftandil Hacıyev olmasaydı, "Səbail" indi hər oyun 5-6 qol buraxmaqla məşğuluydu. Amma gənc mütəxəssis öz bacarığı və iradəsi hesabına heç bir görüşü asanlıqla təslim olmaq istəmir. Elə sonuncu Premyer Liqa görüşündə onun komandasının "Qarabağ"a qarşı göstərdiyi mücadiləni hər kəs gördü.

Götürək Ayxan Abbasovu. Adam mövsümün əvvəli məşqə çıxarmağa futbolçu tapmırdı. Əlində imkanı olsa, hazırkı heyətin ən azı yarısı ilə yolları ayırar. Amma bu gün həmin heyətlə ilk üçlük üçün mübarizə aparır. Ardıcıl məğlubiyyətlər alacağını düşündüyümüz kollektiv bu gün 2 oyun uduzan kimi Abbasova yönələn tənqidlər, təzyiqlər artır. Ki, nə baş verir?

Digər gənc mütəxəssis Elmar Baxşıyev. Təyinatı gerçəkləşəndə ağız büzənlər, nəticələr uğursuz olanda "getsin deyənlər" az deyildi.

Amma haqlı olaraq "Qəbələ" rəhbərliyi Baxşıyevə sona kimi inandı. Çünki oynatdığı futbol gələcəyə ümid verirdi. "Sabah"a 3-0 uduzanda belə əksəriyyət gənc mütəxəssisin oynatdığı gözəl futboldan danışırdı.

Həqiqətən də bu mövsüm ən məzmunlu futbol oynayan komanda Elmar Baxşıyevin yetirmələridi desək, səhv nəsə demiş olmarıq. "Qəbələ" bir çox oyunlarda şanssızlıq yaşamasaydı, indi rahatlıqla ilk üçlükdə qərar tutmuş olardı.

Deyəsən, bu durum kimlərisə də razı salmır. Ki, son dönəmlər bu komandanın oyununda ciddi hakim səhvləri qeydə alınır. "Neftçi" ilə oyundan sonra Elmar Baxşıyev əbəs yerə dilə gəlmədi ki ...

Son illər üzdə olan, gələcək vəd edən gənc baş məşqçilər arasında Samir Abasovun da xüsusi yeri var. "Sumqayıt"da yaratdığı yaxşı kollektivlə adından söz etdirən gənc mütəxəssis sonradan "Zirə"nin yolunu tutdu.

İnsafən, orada da ilk vaxtlar parlaq futbol oynatmağı bacardı. Amma sonradan yalnış transferlər, legionerlərlə dil tapa bilməmək istefaya kimi gətirib çıxardı. Bir müddət işsiz qalan mütəxəssis mövsümün gedişində "Neftçi"nin başına keçdi.

Məhz onun gəlişindən sonra liderlik uğurunda gedən mübarizə qızışdı. Ölkə çempionatında "Neftçi"ni meydana çıxardığı 8 görüşün altısında qələbə qazanmağı bacardı. İlk məğlubiyyətini isə yalnzı 8-ci görüşdə aldı. Açığı, "Neftçi"nin sonuncu dəfə belə uğurlu seriasını xatırlamaqda çətinlik çəkirəm.

Məşqçilik karyerasına "Zirə"də başlayan Rəşad Sadıqov haqqında da fikirlər yalnız müsbət yöndədir. Mövsümün əvvəli demək olar bütün heyəti yeniləyən sabiq müdafiəçis qısa müddətdə əzmkar, döyüşkən kollektiv yaratmağı bacardı. Bu gün "Qarabağ" və "Neftçi" belə "Zirə" ilə oyunlardan 1 xal qazananda üzülmür. Rəşad Sadıqov "Zirə"yə kimi "Qarabağ"ın U-19 və Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət komandasına da qısa müddət rəhbərlik edib. Elə əvvəlki iş yerlərində də yaratdığı kollektivlər yalnız xoş sözlərə layiq görülüb. Ümumiyyətlə, Rəşad futbolçu karyerasını davam etdirdiyi dönəmdə belə futbol ictimaiyyətində "Rəşaddan yaxşı baş məşqçi olacaq" fikri formalaşmışdı. Görünür, həmin kütlə proqnozlarında yanılmayıblar.

Açığı bu gün yaşına görə Qurban Qurbanovu da gənc mütəxəssis saymaq olar. Amma qazandığı nailiyyətlərə görə ona gənc deməyə adamın dili gəlmir. Hətta gənc saydığımız mütəxəssislərin bəziləri (bəlkə də hamısı) belə Qurban Qurbanovu özünə müəllim sayır.

Haqqında danışdığımız mütəxəssislərin üzə çıxmasında federasiyanın iynə deşiyi qədər əziyyəti olmayıb. Çünki AFFA-nın işi büdcənin pulunu De Byazi, Nikola Yurçeviç kimi əcnəbilərə dağıtmaqdır. Qurban Qurbanovu milli komandadan, Rəşad Sadıqovu gənclər millisindən göndərmək yox, onların timsalında istedadlı gənclərə şans vermək, inanmaq, güvənmək lazımdır. Ki, bu gün Azərbaycan futbolu səviyyəsiz çempionatda gördüyümüz qızğın mübarizəyə, gərginliyə, rəqabətə görə, Visente Qomes kimi əcnəbilərə yox, məhz adı çəkilən yerli mütəxəssislərə borcludur. Görün, onlar olmasa nə olardı? Orasını özünüz düşünün ....

Xanoğlan İmanov

Xəbər Lenti