COP29

Sponsorsuz komandada oynayan: "Söz-söhbətlər bizə zərər vurur."

9 Fevral 03:20 Kəpəz 455
Sponsorsuz komandada oynayan: "Söz-söhbətlər bizə zərər vurur."

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in futbolçusu Tural Rzayev Premyer Liqanın 21-ci turunun "Araz-Naxçıvan"la matç (3:1) haqda sualları cavablandırıb:

- Maraqlı oyun oldu. Bizə bu qələbə çox vacib idi. "Qəbələ" xal itirəndən sonra bu matça final kimi çıxmışdıq. Komandada hamı yaxşı oynadı. Bunun da mükafatını qələbə ilə aldıq.

- Heyətdə ciddi itkilər var idi. Belə çətin şəraitdə necə etdiz ki, qələbə qazandınız?

- Bəli, itkilərimiz çox idi. Amma buna baxmayaraq, kim oynadısa, öz işinin öhdəsindən layiqincə gələ bildi. Ola bilər ki, oyundan öncə bizim qələbə qazanacağımıza inananlar az olsun, amma biz inanırdıq.

- Çoxdandır 90 dəqiqə oynamırdın. Həm də meydana kapitan kimi çıxmışdın. Özünü necə hiss etdin?

- Düzdür, çoxdandır oynamırdım, bir az oyun ritmindən uzağam. Amma düşünürəm ki, "Araz-Naxçıvan"la matçda oyunum normal alındı. Komandayq kömək etmək üçün bacardığım qədər çalışdım.

- Qış fasiləsindən sonra iki qələbə qazanmısız, "Qarabağ"a qarşı da pis oynamadız. Adil Şükürov komandanı necə canlandırdı?

- Düşünürəm ki, Adil müəllimin komandaya gətirdiyi yeni fəlsəfə, bizə aşıladığı futbol göz önündədir, bunu hamı görür. Hər oyunda qol epizodlarımız olur, maraqlı futbol oynayırıq. Baş məşqçinin əməyi danılmazdır. Biz də çalışırıq ki, onun verdiyi tapşırıqları yerinə yetirib daha da yaxşı olaq. Hələ tam onun istədiyi vəziyyətdə deyilik. Oyundan-oyuna artırmağa çalışırıq.

- Adil Şükürovun sizdən əsas istəyi nədir?

- "Kəpəz" tarixi, köklü klubdur. Futbolçulara birinci bunu aşılayır. Hamı bu klubda oynamağın məsuliyyətini dərk etməlidir. Sponsorumuz olmaya bilər, maddi baxımdan çətinliklər ola bilər. Amma hamı bilir ki, bu klubun tarixi var, biz öz oyunumuzu diktə etməliyik. Rəqibin kim olmasının fərqi yoxdur. Bütün rəqiblərə hörmətlə yanaşırıq, amma biz öz oyunumuzu oynamalıyıq. Bu da oyundan-oyuna daha yaxşı alınır.

- Qəbələdə oynamağın sizin üçün üstünlüyü var?

- Düşünürəm ki, Qəbələdə daha yaxşı oynayırıq. Çünki, burada meydança təbii örtüklüdür. Tovuzda süni örtükdə oynamaq çətindir. Həm oynamaq ağırdır, həm də matçdan bir neçə gün sonra futbolçular özlərinə gəlir.

- Premyer Liqada qalmaq uğrunda əsas rəqibiniz "Qəbələ"dir. Narahat deyilsiz ki, gələcəkdə burada oynamağa icazə verməsinlər?

- Bu məsələlər haqda nəsə deyə bilmərəm. Rəhbərlik danışıb. Elə bir narahatlığımız yoxdur. Biz oyunumuza köklənirik.

- "Qəbələ"dən 5 xal önə keçdiniz. Bir az nəfəs dərmək olar?

- Xeyr, qəti arxayınlaşmaq olmaz. Çünki, qarşıda oyunlar çoxdur. Hər oyuna final kimi baxırıq. Ümid edirəm ki, məqsədimizə çatıb Premyer Liqada qalacağıq.

- Gəncə futbolunda son zamanlar sanki qalmaqallar azalıb. Sən necə düşünürsən?

- Bəli, son zamanlar bir az sakitləşib. Düşünürəm ki, belə söhbətlərə ehtiyac yoxdur. Hamı bir olub komandaya dəstək olmalıdır. Söz-söhbətlər "Kəpəz"ə zərər vurur. Gəncəni, "Kəpəz"i sevənlər dəstək olub, əl-ələ verib komandanı qaldırmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 16:40 İnfantino da gəldi - FOTO
12 Noyabr 16:30 Çək və bizə göndər!
12 Noyabr 10:40 Səni də burada görək!
12 Noyabr 08:40 "Biz bunu istəməzdik"