Cari mövsümdən etibarən Premyer Liqada limitin aradan qaldırılması azərbaycanlı futbolçuların işini xeyli çətinləşdirdi.
Maddi planda istədiyi ala bilməyən oyunçuların bəziləri ölkə xaricinə üz tutmağı üstün tutdu ki, onlardan biri də İlkin Muradovdur.
Vaxtilə “Zirə”, “Səbail”, “Şamaxı” kimi komandaların heyətində meydana çıxan 29 yaşlı yarımmüdafiəçi ötən ilin son 5 ayını Qırğızıstanda “Abdış-Ata Kant”da keçirmişdi.
Lakin dekabrda müqaviləsinin müddəti başa çatınca, oradan da ayrıldı. Hazırda klubsuz olan Muradov yeni iş yeri axtarışındadır.
Mətbuat nümayəndələri ilə ünsiyyətə meyilli olmayan İlkin Sportinfo.az-a verdiyi müsahibədə özü ilə bağlı sualları cavablandırıb.
- Hələ də klubsuzsan deyəsən.
- Hələ ki, hə. Görək necə olacaq. Ayın sonuna qədər xəbər çıxar yəqin.
- Təkliflər var?
- İnşallah, həll olunmalıdır. Gözləyirəm.
- Danışıq apardığın klublar var yəqin.
- Var, əlbəttə.
- Yerli, yoxsa xarici?
- Ölkə xaricindəndir.
- Qırğızıstandan?
- Yox-yox, təkliflər başqa ölkələrdəndir.
- Qırğızıstandan ayrılmağına nə səbəb oldu?
- Müqaviləni 5 aylıq bağlamışdım, o da dekabrda başa çatdı. Klubda vəziyyət dəyişdi, daha çox gənclərə üstünlük vermək qərara alındı. Legionerlərin hamısını göndərdilər. Ona görə də belə alındı.
- “Ozqon”da dörd azərbaycanlı var. Hər halda başqa klublardan birinə keçmək olardı.
- Bilirəm, xəbərim var. Menecerim danışıq aparır, görək necə olacaq.
- Neçə il Premyer Liqada oynamısan, kifayət qədər tanınırsan. Nə əcəb maraq göstərən yoxdur?
- 1-2 klubdan zəng edən olmuşdu, danışdıq, geridönüş etmədilər.
- Yəqin maaş məsələsində razılaşa bilməmisiniz.
- Nə bilim, vallah. Soruşdular, nə qədər istəyirsən? Dedim, bu qədər. Cavab gəlmədi.
- Premyer Liqadan?
- Bəli-bəli.
- I Liqanın iddalı klublarından necə, təklif olsa dəyərləndirərsən?
- O barədə fikirləşməmişəm, açığı. Bu dəqiqə əsas məqsədim ölkə xaricinə getməkdir. I Liqa bir az çətin məsələdir.
- Ora düşdünsə, çıxmaq çətindir, hə?
- Elə demək istəmirəm. Allah hər kəs üçün xeyirlisini nəsib etsin.
- Qırğızıstandakı qazancın yaxşıydı heç olmasa? Xərclərini çıxanda, əlində nəsə qalırdı?
- Şükür, bura baxanda yaxşı idi.
HƏBİB

