Azərbaycanlı futbolçu karyerasını yenidən ölkə xaricində davam etdirəcək.
İlkin Muradov legioner həyatı yaşamaqda maraqlıdır.
Ötən ilin avqustunda Qırğızıstana yollanaraq “Abdış-Ata Kant”la 5 aylıq müqaviləyə imza atan 29 yaşlı yarımmüdafiəçi dekabr ayında buradan ayrıldı.
Vətənə qayıdandan sonra onunla maraqlanan Premyer Liqa klubları ilə maliyyə məsələsində dil tapa bilməyincə, menecerinə xaricdə oynamağı qərara aldığını bildirib.
Əcnəbi agent hazırda İlkinə klub axtarmaqla məşğuldur.
Hindistan, Tayland, Sinqapur kimi ölkələrdən təkliflər olsa da, Muradov tələsmək istəmir. 100 ölçüb, 1 biçəndən sonra seçimi ilə bağlı son sözünü deyəcək.
Əsas istəyi daha yaxşı qazanmaqdırsa, onu maraqlandıran digər məsələ üz tutacağı klubun maliyyə dayaqlarının möhkəm olmasıdır. 1-2 ay oynayandan sonra FİFA-ya məktub yazmaq həvəsində deyil.
İlkin Muradov karyeras ərzində “Zirə”, “Şamaxı” və “Səbail”in uğurları üçün tər töküb ki, Premyer Liqada 174 oyunda 3 qol və 12 məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB / SPORTİNFO.AZ

