“Xəzər Lənkəran”a gedəcəkdim, “İnter” də mənə 180 min dollar təklif edirdi”

12 Aprel 21:40 Hadisə 4 817
“Xəzər Lənkəran”a gedəcəkdim, “İnter” də mənə 180 min dollar təklif edirdi”

“AZAL-da oynadığım dönəmdə başqa komandalarda çıxış etmək şansım var idi.

Lakin müxtəlif səbəblərdən alınmamışdı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında vaxtilə AZAL-ın formasını geyinən, bu komandanın heyətində indiyə qədər ən çox oyun keçirən Usim Nduka deyib.

“Təyyarəçilər”in heyətində inamlı və sabit çıxışı ilə diqqət çəkən, Azərbaycan millisinin də şərəfini qorumağa imkan tapan nigeriyalı müdafiəçi AZAL-da oynayan dönəmdə karyerasını başqa komandalarda davam etdirə bilərmiş.

Usim həmin klubların adlarını çəkməklə yanaşı, planın baş tutmamasının səbəblərini deyib:

“Əsgər Abdullayev “Olimpik”in baş məşqçisi olanda “Xəzər Lənkəran”a getmək variantı yaranmışdı. Klubla aralarında ilkin razılıq olmuşdu.

Həmin vaxt məni də “Xəzər Lənkəran”da yanında görmək istədiyini bildirmişdi, mən də razılıq vermişdim. Lakin sonradan hansısa məsələlərdə razılaşa bilməmişdilər.

Getsəydi, məni də özü ilə aparacaqdı. “İnter”dən aldığım təklif isə 2013-cü ilə təsadüf edir.

AZAL-dan ayrılandan sonra təkliflərim var idi. “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze söhbət etmək üçün yaşadığım yerə gəlmişdi və maşında oturub xeyli söhbət etmişdik.

O vaxt “İnter” mənə illik 180 min dollar təklif edirdi. Razılaşmışdıq.

Lakin Türkiyədən gələn təklifə görə fikrimi dəyişmişdim. “Tavşanlı Linyitspor” “İnter”dəkindən daha az – 150 min dollar təklif etmişdi.

Pulu düşünsəydim, “İnter”lə müqavilə bağlayardım. Çünki Azərbaycanda yaşamaq mənə daha rahat idi.

Türkiyəyə getdim ki, daha çox insanın gözü qarşısında olum, daha çox tanınım. Bir növ tramplin kimi baxırdım. Ancaq “Tavşanlı”dakı maddi problemlər buna imkan vermədi”.

Usim Nduka 2005-2013-cü illər aralığında AZAL-da, 2014-15 mövsümündə “Simurq”un sıralarında olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU