Qarabağ məsələsində Ankara-Moskva əməkdaşlığı

17 Yanvar 2021 20:50 Gündəm 632
Qarabağ məsələsində Ankara-Moskva əməkdaşlığı

“Siyasət - mümkün olanın reallaşdırılması sənətidir”.

100 ildən çox tarixi olan Qarabağ münaqişəsinin hərb meydanındakı hissəsi Azərbaycanın qələbəsi ilə bitdi, indi növbə siyasətindir. Başqa sözlə, bu qələbənin rəsmiləşdirilməsi, həlli yekunlaşmayan məsələlərin həlli prosesi başlayıb.

Qarabağ münaqişəsi artıq uzun müddətdir ki, iki ölkə arasında ərazi münaqişəsi olmaqdan çıxaraq regional problemə çevrilib. Müharibənin gedişində baş verənlər bu münaqişənin həm də regional və beynəlxalq güclərin maraq dairəsində olduğuna sübut idi.

Məlumdur ki, ötən 30 ildə münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların mandatı ilə vasitəçilərin təşkil etdiyi diplomatik danışıqlar prosesi aparılıb. Dünyanın 3 nüfuzlu nüvə dövləti – ABŞ, Rusiya və Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçilər olub. Bu mandat hələ də mövcuddur, baxmayaraq ki, 44 günlük müharibədən sonra ATƏT Minsk Qrupu formatı xeyli dərəcədə əhəmiyyətini itirdi. Lakin müharibədən sonrakı proseslər, reaksiyalar göstərdi ki, beynəlxalq vasitəçilik formatı hələ qalacaq. Baxmayaraq ki, Azərbaycan üçün bu formatın əhəmiyyəti yoxdur.

Azərbaycan 44 günlük müharibə dövründə Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni, daha çevik və effektiv bir formatı irəli sürdü. 9 noyabr atəşkəsi və sonrasında baş verənlər zamanı məhz bu formatın işlədiyi göründü. Söhbət münaqişə tərəfləri və Rusiya ilə Türkiyənin iştirak etdiyi yeni formatdan gedir.
Məsələ ondadır ki, müharibə dövründə və daha sonra atəşkəs zamanı Azərbaycan Türkiyə dövlətini tərəf kimi göstərdi. Müharibə dövründə Azərbaycan Prezidentinin Türkiyə ordusunun Azərbaycanın xarici təhdidlərə qarşı təhlükəsizlik təminatçısı kimi çıxış etdiyini bir neçə dəfə qeyd etdi, həmçinin baxmayaraq ki, 9 noyabrda Moskvanın təşkilatçılığı ilə Azərbaycan, Ermənistan və Rusiya liderinin imzası ilə hərbi əməliyyatlar dayandırıldı, lakin bundan dərhal sonra Rusiya və Türkiyə Müdafiə nazirləri Dağlıq Qarabağda atəşkəsin nəzarəti üçün birgə mərkəzin yaradılması barəsində memorandum imzalaması onu göstərdi ki, Moskva Türkiyənin münaqişəsinin həlli prosesində iştirakını qəbul edir və bununla barışır. Əks təqdirdə, rəsmi vasitəçi olmayan və hərbi əməliyyatların dayandırılması ilə bağlı sazişdə imzası olmayan Türkiyə ilə Rusiyanın müdafiə naziri memorandum imzalamağa ehtiyac duymazdı.

Ancaq görünən odur ki, Rusiya Qarabağ nizamlanmasında Türkiyənin iştirakını qəbul edib. Əlbəttə, bu, Azərbaycanın təşəbbüsü idi. Kremldən nizamlanma ilə bağlı verilən açıqlamalarda Rusiya hər addımda bu təşəbbüsün ona məxsus olmadığını vurğulamağa çalışır.

Əlbəttə, Rusiya post-sovet məkanına “kənar” qüvvələrinə gəlməsinə qısqanclıqla yanaşır. Bu kimi fəaliyyətləri öz təhlükəsizliyi üçün təhdid olaraq qəbul edir. Təbii ki, bu mənada Moskva NATO üzvü olan və Qafqaza qonşu Türkiyənin bu regiona yerləşməsini rahat həzm edə bilmir, müəyyən müqavimət göstərir. Amma fakt odur ki, bu situasiyanı Azərbaycan yaradıb və indi Rusiya bununla könülsüz də olsa barışmağa məcburdur.

Amma yeni zamanda Moskva son illərin bir neçə uğurlu təcrübəsinə əsaslanaraq Türkiyənin Qarabağ münaqişəsində tərəf-müqabil kimi qəbul edir. Çünki bu halda Qafqaza daha təhlükəli rəqiblərini buraxmır, üstəlik son illərdə Türkiyə ilə müsbət tərəfdaşlıq nümunələri, regionda siyasi vəziyyət bunu diktə edir.

Məsələ ondadır ki, bundan əvvəl Rusiya və Türkiyə Suriyada, daha sonra isə Liviyada atəşkəsin əldə olunmasında faydalı əməkdaşlıq ediblər. Suriyada münaqişənin həlli ilə bağlı çoxlu sayda dövlətlərin iştirak etdiyi Cenevrə və Astana prosesləri olduğu halda, İdlibdə münaqişənin dayandırılması və atəşkəsə nail olunmasında Moskva və Ankara effektiv əməkdaşlıq etdilər. Nəticədə bir çox dövlətlərin maraqlarının kəsişdiyi Suriyanın şimalında iki dövlətin dominantlığını təmin edən atəşkəs əldə olundu və hələ də davam edir.

İkinci nümunə isə Liviyada idi. Bu ölkədə savaşan şərq və qərb regionları hökumətlərinin arxasında çoxlu sayda ölkələr qrupu olduğu halda son nəticədə savaşan tərəflərə daha ciddi təsiri olan Rusiya və Türkiyə atəşkəs və sülh prosesini başlada bildilər. Ancaq daha sonra “masaya” müdaxilə edən Qərb ABŞ-ın əzici təsiri sayəsində Liviyada Türkiyə və Rusiya tandemini neytrallaşdırmağa nail oldu və hazırda proses Qərb ölkələrinin nəzarəti altında davam edir.

Mümkündür ki, Qafqazda Liviya “ssenarisinin” təkrarlanmaması üçün Rusiya Türkiyənin vasitəçiliyini qəbul edib. Çünki əks təqdirdə daha çox sayda və Rusiyanın açıq rəqibi olan dövlətlərin yaxın dövrdə Qafqaza müdaxiləsi ola bilərdi. Bu səbəbdən də Rusiya indi son illərdə əməkdaşlıq təcrübəsi əldə etdiyi və bir sıra məsələlərdə maraqları üst-üstə düşən Ankaranı qəbul edir.

Hazırda hər nə qədər suallar olsa da, fakt odur ki, Türkiyə bu prosesdə - həm siyasi, həm də hərbi istiqamətdə - vardır və həlledici qərarlar Ankara və Moskva arasında müzakirə olunur.

Bu vəziyyət Azərbaycanı da qane edir. Qarabağ münaqişəsinin həllində fərqli maraqları və hədəfləri olan “beynəlxalq çoxluqdansa” daha az sayda dövlətlərin vasitəçiliyi Bakı üçün əlverişlidir.

Bundan sonrakı mərhələdə güman ki, Qarabağ münaqişəsinin tamamilə həlli prosesində hazırkı format davam edəcək. Çünki bu format həm Moskvanı, həm də Ankaranı qane edir. Ən əsası Azərbaycan formatdan məmnundur və ölkənin milli maraqlarına məhz bu format cavab verir.

Kənan Rövşənoğlu

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"