
32-ci Yay Olimpiya Oyunlarına artıq uzun zaman qalmayıb. Gələn yay Yaponiyanın ev sahibliyi edəcəyi 4 illiyin ən möhtəşəm yarışının startı iyulun 24-də paytaxt Tokioda veriləcək. Avqustun 9-na qədər davam edəcək olimpiadaya lisenziya yarışları artıq çoxdan başlayıb. Müxtəlif fərdi-kollektiv idman növləri üzrə vəsiqə xarakterli dünya və Avropa çempionatları, Qran-Pri turnirləri və. s. idmançıların “Tokio-2020”də iştirakı üçün yaradılan tramplin rolunu oynayır.
Bəs, Azərbaycan idmançıları və ya komandalarımız bu fürsətlərdən necə yararlanır? Olimpiadanın başlanmasına 8-9 ay, dəqiq desək, 305 gün qaldığını nəzərə alsaq, əksər ölkələr artıq indidən minimum 15-20-25 lisenziyanı təmin ediblər. Təbii, söhbət büdcəsinə və imkanlarına görə Azərbaycanla müqayisə aparılacaq ölkələrdən gedir.
Məsələn, Azərbaycanı bu günə qədər yayda keçiriləcək olimpiadada 5 idman növündə - atletika, bədii gimnastika (2 lisenziya, fərdi və komanda), üzgüçülük, güləş (2) – ümumilikdə 6 lisenziya ilə 10 iştirakçı təmsil etmək hüququ qazanıb. Bizə yaxın ölkələrə nəzər salaq: Bu göstərici Belarusda 9 idman növü üzrə 38 iştirakçı, Bolqarıstanda 4 idman növü üzrə 11 iştirakçı, Estoniyada 3 idman növü üzrə 7 iştirakçı, Ukraynada 9 idman növü üzrə 48 iştirakçı (!), Türkiyədə 5 idman növü üzrə 24 iştirakçı, İranda 4 idman növü üzrə 21 iştirakçı, Litvada 5 idman növü üzrə 17 iştirakçı, Qazaxıstanda 6 idman növü üzrə 16 iştirakçı və.s-dir.
Bu mənada sentyabrın 14-dən 22-nə qədər Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı, eləcə də ötən ay Tokioda keçirilmiş cüdo üzrə dünya çempionatı və bu ay Daşkənddə baş tutmuş Qran-Pri yarışı, avqustun 23-dən sentyabrın 3-nə qədər Macarıstanın paytaxtı Budapeştdə isə voleybol üzrə Avropa çempionatı lisenziya balı və lisenziya sayını artırmaq baxımından əla fürsət idi.
Amma, ancaq və lakin Azərbaycan milliləri və idmançılarımız bütün bu rəsmi yarışlardan Yay Olimpiya Oyunlarına yalnız 2 (!) lisenziya və gözləniləndən aşağı lisenziya xalları (cüdoda) qazana bildi. Güləş üzrə dünya çempionatında Mariya Stadnik və Şərif Şərifov “Tokio-2020”yə vəsiqəni təmin etdi. Vəssalam! Elə bu DÇ-də olimpiadaya vəsiqə əldə edən ölkələrə baxaq:
Rusiya (9), Yaponiya (8), Qazaxıstan (8), Almaniya (5), Çin (5), Ukrayna (5), İran (5), Macarıstan (4), Türkiyə (4), Özbəkistan (4), ABŞ (4), Hindistan (4), Gürcüstan (4), Polşa (3), İsveç (3), Serbiya (3), Kuba (2), Ermənistan (2), Estoniya (2), Belarus (2), Qırğızıstan (2), Koreya Respublikası (2), Monqolustan (2), AZƏRBAYCAN (2), digər 14 ölkə isə 1 - Danimarka, Misir, Rumıniya, Yunanıstan, Nigeriya, Moldova, Bolqarıstan, İtaliya, Fransa, Suriya, İsveçrə, San-Marino, Kolumbiya, Makedoniya.
Rusiya, Yaponiya, Çin, hətta Almaniyanı misal gətirmirəm, aydın məsələdir. Söhbət güləşdən – Azərbaycanda əsrlər boyu böyük ənənəsi, qədim və zəngin tarixi olan bir idman növündən gedirsə, olimpiadaya Azərbaycanın 2, Macarıstan, Hindistan kimi ölkələrin 4, Polşa, hətta İsveç və Serbiyanın 3 (!) lisenziya qazanmasını necə izah etmək, nə cür don geyindirmək olar? Azərbaycanın San-Marinonu güləşdən lisenziya sayına görə yalnız bir vəsiqə ilə qabaqlamasına isə söz tapmaq mümkünsüz.
Beka Kandelaki, Alyona Kolesnik, Tatyana Omelçenko, Əhmədnəbi Qvarzatilov, Hacımurad Hacıyev, Aleksandr Qostiyev, Şamil Zubairov, Cəmaləddin Məhəmmədov, eləcə də Uşanqi Kokauri, hər yarışda tatamiyə çıxmamış uduzan monqolustanlı İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florian nə üçün bəslənilir, kimə görə milli komandalarda saxlanılır?
Dünya çempionatında 15 cüdoçudan 1-i çempion ola bilmirsə, güləşin nüfuzunu yalnız "bizim Mariya" xilas edirsə, hər dəfə 1-2 idmançı maksimum gümüş medal qazanırsa, bu qədər milyonlar sərf edib xarici səfərlər, təlim-məşq toplanışları nəyə lazımdır?
Voleybola, cüdoya, elə güləşin özünə xərcələnən milyonlar, əcnəbilərə verilən pullar nə üçün boşuna gedir, hesab soruşan-hesab verən yoxdur sanki. Hələ milli formanı geyinən, ölkəni təmsil edən idmançıların istər tatami-döşək üzərində, istərsə də idmandankənar həyatlarında özlərini apara bilməmələrini, nizam-intizamdan çox-çox kənar olduqlarını da buraya əlavə etsək, kifayət qədər sual doğuracaq mənzərə yaranır. İdmançıların döşək üzərində əsəblərini cilovlaya bilməmələrini hardasa anlamaq olar, amma sosial şəbəkədə azarkeşləri təhqir etmək, onlarla küçə söyüşləri ilə danışıb sonra “mən deyildim” deməyin özü komandalarımızdakı ab-havanın, intizam qaydalarının mənfi göstəricisidir. Güləşçilərimizin, həmçinin cüdoçularımızın fiziki hazırlıqlarının çox aşağı səviyyədə olmasını isə təkrarlamağa lüzum yoxdur. Bütün bu sadalanan spesifik, mühüm və xronoloji problemlərin davamlı olduğu yerdə nəticənin gəlməməsi, əslində, qanunauyğunluqdur.
Nə qədər gec deyil, müvafiq federasiyalar silkələnib "qəflət yuxusu"ndan ayılmalı, dövlətin onlara göstərdiyi dəstəyin qarşılığını verməlidir. Son 1 ayda əsas ümid yerimiz olan güləş və cüdoda keçirilən lisenziya yarışlarında qeydə alınan nəticələrə nəzər saldıqda, mənzərə hamı üçün aydın olacaq.
Yunan-Roma güləşi
Baş məşqçi - Şaban Donat
Böyük məşqçi - Rövşən Bayramov
Məşqçilər - Emin Əhmədov, Turac Hüseynli
Heyət: Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq). Rafiq Hüseynov gümüş, Eldəniz Əzizli bürünc medal qazansa da, hər 2 çəki olimpiadanın proqramında olmadığından millimiz dünya çempionatını lisenziyasız tərk etdi.
Qadın güləşi:
Baş məşqçi - Aslan Ağayev
Məşqçi - Rövşən Umudov
Heyət: Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq). Stadnik dünya çempionu oldu və "Tokio-2020"yə lisenziya qazandı. Manolova isə bürünc qazansa da, qeyri-olimpiya çəki dərəcəsində yarışdığından komandamız yalnız Stadnikin lisenziyası ilə kifayətləndi.
Sərbəst güləş
Baş məşqçi - Saypulla Absaidov
Böyük məşqçi - Zəlimxan Hüseynov
Məşqçi - Arif Abdullayev
Heyət: Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq). Şəriflə Cəbrayıl dünya ikincisi oldular. Şərif həm də olimpiadaya lisenziya qazandı. Cəbrayıl isə qeyri-olimpiya çəkisində çıxış edirdi.
Cüdo: DÇ-2019. Yaponiya, Tokio (25-31 avqust)
Baş məşqçi – Ruslan Maşurenko
Heyət: Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq)
Baş məşqçi – Natiq Bağırov
Heyət: Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), İçinxorloo Münxtsedev (57 kq), Günel Həsənli (70 kq), İrina Kindzerska (+78 kq).
Bu dünya çempionatında Azərbaycan yalnız 2 medal qazanıb. Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə “bürünc”lə kifayətlənib. Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) isə 7-ci olub. Millimiz DÇ-də qarışıq komanda yarışlarında 5-ci yeri tutub. Yekunda tutduğu yerlərdən asılı olaraq, cüdoçular olimpiya reytinqlərinə 300-800 xal əlavə ediblər.
Cüdo: Qran-Pri. Özbəkistan, Daşkənd (20-23 sentyabr)
Cüdoçularımız DÇ-nin ardından Özbəkistanda keçirilən Qran-Pri yarışlarına qatıldılar. Bu turnir də “Tokio-2020”yə lisenziya xalları verirdi. Azərbaycan Daşkənddə yenə 15 idmançı ilə təmsil olundu - 11 kişi və 4 qadın.
Heyət: Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev (hər ikisi 66 kq), Fəqan Quluzadə, Rüfət İsmayılov (hər ikisi 81 kq), Tural Səfquliyev, Aliumar Tumayev (hər ikisi 90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi 100 kq-dan yuxarı), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aleksandra-Larisa Florian (hər ikisi 52 kq). Zelim Kotsoyevlə Leyla Əliyeva gümüş medal və 400 olimpiya lisenziya xalı qazanıblar.
P.S. 2007/2010-cu illərdə Azərbaycan millisinin heyətində çıxış etmiş dağıstanlı güləşçi Çamsulvara Çamsulvarayev var idi, uzaq keçmiş deyil. Azərbaycan formasıyla Avropa çempionu, dünya ikincisi və dünya üçüncüsü olmuşdu. Axırda gedib Suriyada İŞİD-ə qoşuldu, orda da öldü. Şərhsiz...
Elvin