Val dəyişdi, gözlər qış transferlərinə dikildi, yerlilərin “evi yıxıldı”

10:40 Qəbələ 240
Val dəyişdi, gözlər qış transferlərinə dikildi, yerlilərin “evi yıxıldı”

Turlar bir-bğirini əvəz edir, «Qəbələ» yenə dayanmaq bilmir.

Elə hey uduza-uduza gedirlər…

Necə gəldi uduzmasalar da, kimə gəldi uduzurlar. İşin ən pis tərəfi də budur.

Turnir cədvəlinin «zirzəmi»sinə yuvarlanmış «Qəbələ» pis futbol oynamır, əslində. Premyer Liqada qalmaq məqsədi olan bir komanda üçün daha yaxşı futbol sərgiləyirlər.

Məzmun var, taktiki çalışma var, işlə mexanizm var. O var, bu var, fəqət, nəticə yoxdur.

Tarixdə qalan isə yalnız nəticədir və Kaxaber Sxadadzenin özü də artıq bunun fərqindədir. Dünənə kimi öz xəyal aləmində idi, başqa havaya qol qaldırıb oynayırdı, indi istiqaməti müəyyən qədər dəyişib.

Daha yanlış transfer siyasətindən danışıb nə özünü yorur, nə də rəhbərliyini cin atına mindirir. «Sumqayıt»a uduzandan sonra sakit şəkildə qış fasiləsini nişan verdi və aydın göründü ki, bütün ümidləri yeni illə bağlıdır.

Mən gürcü baş məşqçini qınamıram. Komanda yaratdığı qol epizodlarından 10 faiz də istifadə edə bilmirsə, dəyişiklər qaçılmazdır.

Mən yerli gənclərə yanıram. Klubun başında dayananlar legionerləri qış fasiləsində yola salmayacaq.

Müqaviləsi davam edənlərin heç biri pulunu son qəpiyinədək almayana kimi ayağını kandardan o tərəfə qoymayacaq. Gətirmək bir zülm, göndərmək ondan da betər zillət.

Bu vurhavurda zərbə «Qəbələ»nin öz akademiyasından çıxmış cavanlara dəyəcək.

Kaxa bir çoxuna o formanı soyunduracaq, ehtiyat skamyada əyləşdirəcək. Onların da yerini yeni gələcək legionerlər tutacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti