İdman nazirinin müavinini Bakıda kim və necə sevindirdi? – MARAQLI HADİSƏ

2 İyun 2022 16:40 Digər növlər 1 180
İdman nazirinin müavinini Bakıda kim və necə sevindirdi? – MARAQLI HADİSƏ

“Azərbaycan ilk növbədə öz qonaqpərvərliyi ilə seçilir.

Ölkəmizdə çox sayda beynəlxalq yarışlar keçirilir deyə, bu işdə təcrübəmiz böyükdür”.

Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbovun müavini Mariana Vasilyeva Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku ilə bağlı Sportinfo.az-a açıqlama verib.

Vasilyeva yarışda nöqsan olmadığını deyərək, iştirakçı ölkələrin böyük məmnuniyyətlə Azərbaycandakı beynəlxalq turnirlərə qatıldığını söyləyib.

Koronavirus pandemiyasından sonrakı dövrdə geniş miqyaslı tədbirləri təşkil etməyi hər ölkə bacarmadığını da sözlərinə əlavə edib:

“Başda Azərbaycan Atıcılıq Federasiyasının prezidenti olmaqla federasiyanın nümayəndələri və yarışın Təşkilat Komitəsi 66 ölkənin,

700-dən çox atıcının iştirak etdiyi Dünya Kubokunun öhdəsindən layiqincə gəlməkdədir. Kiminlə danışmışamsa, hər biri yenidən Azərbaycana gəlməyi arzuladığını deyib. Bu isə işin öhdəsindən layiqincə gəldiyimizi göstərir”.

Bu gün tapançadan 25 metr məsafəyə atəşaçmada qızıl medalı Antoaneta Kostadinovaya məhz Mariana Vasilyeva təqdim etdi. Bolqarıstanlı atletin əslən Bolqarıstandan olan nazir müavini ilə isti münasibəti diqqətdən yayınmadı.

Vasilyeva Antoaneta ilə tanışlığının tarixçəsi haqda da açıqlama verib:

“Mənim üçün hər yarış bayrama bərabərdir. Ona görə də artıq neçənci dəfədir Bakı Atıcılıq Mərkəzinə gəlirəm.

Bütün idmançıları dəstəkləyirəm. Bu gün qızıl medal qazanan bolqar atıcını yaxından tanıyıram.

Gözlərimin önündə böyüyüb, vaxtilə işlədiyim zalda idmanla məşğul olub. O, təkcə bolqarıstanlı deyil, həm də mənimlə eyni şəhərdəndir.

Məşqçisi də həmin şəhərdəndir. Bu yarışda onlara olan hörməti görürəm. Çünki Tokio Olimpiadasında gümüş medal qazanmışdılar”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti