“Məhəllə qızları ilə yığışıb...” - Atəş səslərindən Olimpiya çempionluğuna gedən yol

1 İyun 2022 13:00 Digər növlər 992
“Məhəllə qızları ilə yığışıb...” - Atəş səslərindən Olimpiya çempionluğuna gedən yol

Azərbaycan atıcılığından söz düşəndə ağıllara ilk olaraq Zemfira Meftahətdinova gəlir.

Hazırda Azərbaycan Atıcılıq Federasiyasinda vitse-prezident postunu tutan 59 yaşlı mütəxəssis 2000-ci ildə Sidneydə keçirilən Olimpiadada qazandığı uğurla müstəqil Azərbaycan tarixinə ilk Olimpiya çempionu kimi düşüb.

Zemfira xanım indi Bakıda keçirilən atıcıl üzrə Dünya Kubokunda yaxından iştirak edir, idmançılarımızı yaxından dəstəkləyir, qaliblərə mükafatları təqdim edir. Qısası, onu yarışın “arxa cəbhəsində” əsas simalardan hesab etmək olar.

Meftahətdinova Sportinfo.az-a verdiyi müsahibədə bu idman növünü seçməsindən, silahlardan və Dünya Kubokundan danışıb.

- Atıcılığa həvəsiniz hardan yaranıb?
-Təsadüfən olan bir şey idi. O vaxt evimiz atıcılıq mərkəzinin yanındaydı. Tez-tez atəş səsləri gəlirdi və get-gedə məndə bu idman növünə maraq yaranırdı. Yadımdadır onda 6-cı sinifdə oxuyurdum. Məhəllə qızları ilə yığışıb, gedib adımızı yazdırdıq. 1-2 dəfə atdım, çox xoşuma gəldi. Və beləcə karyeram başladı.

- Nə idi sizi özünə çəkən?
- Güllə atmaq, hədəfi nişan almaq. Həm də məşqçilərimiz o vaxt uşaqlarda atıcılığa maraq yaratmağı bacarırdı. İlk məşqçim Hafiz Cəfərov uşaqlıqdan mənə bu sənətin sirlərini öyrədib, doğru yol göstərirdi. İlk illərdə atıcılığa hobbi kimi baxırdımsa, sonradan həyatımın bir parçasına çevrildi. Gənclərə bu yöndə uğurlar arzulayır, silahla düzgün rəftarı və hədəfi dəqiq nişan almağı məsləhət görürəm.

- Hər atıcının özünəməxsus bədən ölçülərinə və üz quruluşuna görə şəxsi silahı olur. Uğur qazanmaqda bu məqamın xüsusi rolu var?
- Atıcılığa yeni başlayanda ümumi silahlardan istifadə olunur. Belə deyim, bir silahdan bir neçə nəfər istifadə edir. Amma minimal uğurdan sonra atıcının şəxsi silahının olmasına imkan yaradılır. Məsələn, məndə necə olmuşdu? Şərt qoyulmuşdu ki, kim atıcılıq üzrə ilk idman ustası adına yiyələnsə, ona şəxsi silah təhkim olunacaq. Həmin silah qabaritlərimə uyğun hazırlanmışdı və mən o silahdan 2000-ci ildəki Olimpiadada da istifadə etdim, uğur qazandım.

- Silahın atıcını pis vəziyyətdə qoyduğu anlar olur?
- Atışdan əvvəl məşqçilər silaha texniki baxış keçirir və atışa tam hazır olduğuna dair qərar verir. Amma çox nadir hallarda silahın atıcının çıxılmaz vəziyyətə saldığı an da olur. Baxma, nə qədər də olmasa texnikadır, adam ağlı kimi deyil. Silahda bir dəfə nasazlıq yaranırsa, problem aradan qaldırılır. Yox, yenə təkrarlanırsa, belə məqamda xüsusi icazə alınaraq dəyişdirilir.

- Bakıda keçirilən Dünya Kubokunun final mərhələsinə start verilib. Atıcılarımıza nə demək, nə arzu etmək istərdiniz?
- İstənilən idman növündə uğur qazanmaq zəhmət və hədsiz istək tələb edir. Qarşıdan Olimpiada gəlir. Atıcılarımıza bu yarışda, eləcə də Olimpiadaya vəsiqə uğrunda uğurlar arzu edirəm. Daha çox çalışıb, daha çox zəhmət çəkməklə hədəfə çatmaq mümkündür. Onlara bunu arzulayıram.

Həbib Aslanov

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti