“Ayaks”ın müvəqqəti baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının 5-ci turunda “Benfika” ilə keçirilən ev oyununu dəyərləndirib.
Turnirin autsayderləri hesab olunan komandaların duelində qonaqlar ilk qələbələrini qazanıblar – 2:0.
Sportinfo.az “ad.nl”-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis məğlubiyyətə baxmayaraq, matçda müəyyən müsbət cəhətlər gördüyünü bildirib:
“Komandanı gördüm. Futbolçular bir-birini dəstəkləyirdi və razılaşdığımız prinsiplərə əməl edirdilər. Gələcək oyunlar üçün uyğun nöqtələri açıq şəkildə görürəm.
Məncə, bizim “Benfika”dan daha çox şansımız var idi. Birinci qolda – künc zərbəsindən sonra vurulan epizodda rəqib futbolçu oyundankənar vəziyyətdə idi.
Təəssüf ki, hakimlər bunu görmədi. Azarkeşlərin bizimlə qalması xoşuma gəldi.
Bu, “Ayaks” azarkeşi üçün dəhşətli dövrdür. Amma bu gün gördüm ki, daha yaxşı oynaya bilərik”.
“Ayaks” Çempionlar Liqasının 5-ci turundan sonra xalsızdır və turnir cədvəlinin sonuncu – 36-cı pilləsində qərarlaşıb.
“Benfika” isə 3 xalla 29-cudur. Niderland təmsilçisi 6-cı turda, dekabrın 10-da Bakıda “Qarabağ”ın qonağı olacaq. “Köhlən atlar” bu turnirin ilk turunda səfərdə “Benfika”nı məğlub edib – 3:2.

