ÇL-də pley-offun daha 6 iştirakçısı hansı komandalar olacaq?

24 Noyabr 2021 21:40 Çempionlar Liqası 494
ÇL-də pley-offun daha 6 iştirakçısı hansı komandalar olacaq?

Bu gün Çempionlar Liqasının qrup mərhələsində V turun daha 8 matçı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə görüşlər A, B, C və D qruplarında gerçəkləşəcək.

A qrupunda "Mançester Siti" evdə PSJ ilə qarşılaşacaq. "Şəhərlilər" qələbə qazanacağı halda, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Mümkün heç-heçə isə hər iki komandanı növbəti mərhələyə çıxara bilər. Bunun üçün digər matçda "Leyptsiq" Belçikada "Brügge"yə uduzmamalıdır.

B qrupunda pley-offa çıxması rəsmiləşən "Liverpul" doğma meydanda "Portu" ilə üz-üzə gələcək. "Milan" isə İspaniyada Madrid "Atletiko"su ilə münasibətlərinə aydınlıq gətirəcək.

Dieqo Simeonenin başçılıq etdiyi komanda evdə uduzsa, "Portu" isə çətin səfərdə "Liverpul"a qalib gəlsə, portuqaliyalılar bu qrupdan çıxan ikinci kollektiv olacaq.

C qrupunda "Beşiktaş"ı pley-offa vəsiqəni rəsmiləşdirən "Ayaks"ı qəbul edəcək. Dörd turdan sonra xalı olmayan "qara qartallar" Avropa Liqasının pley-offuna düşmək üçün qələbə qazanmaqla yanaşı, Portuqaliyada "Sportinq" və "Borussiya" (Dortmund) arasında oynanılacaq görüşün nəticəsini gözləməlidir.

Bu qarşılaşma heç-heçə və ya meydan sahiblərinin qələbəsi ilə başa çatacağı təqdirdə, İstanbul təmsilçisi avrokuboklarla vidalaşacaq.

Dortmundlular qalib gələcəyi halda isə sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edəcək.

D qrupunda "İnter" evdə "Şaxtyor" (Donetsk) ilə qarşılaşacaq. Qrupun digər oyununda isə "Real" Moldovada "Şerif"lə üz-üzə gələcək. Milan və Madrid təmsilçiləri qələbə sayəsində pley-offa vəsiqə qazanacaqlar.

A qrupu

00:00. "Brügge" (Belçika) - "Leyptsiq" (Almaniya)

00:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa)

Xal durumu: "Mançester Siti" - 9, PSJ - 8, "Brügge" - 4, "Leyptsiq" - 1.

B qrupu

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya)

00:00. "Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)

Xal durumu: "Liverpul" - 12, "Portu" - 5, "Atletiko" - 4, "Milan" - 1.

C qrupu

21:45. "Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland)

00:00. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Ayaks" - 12, "Borussiya" - 6, "Sportinq" - 6, "Beşiktaş" - 0.

D qrupu

21:45. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

00:00. "Şerif" (Moldova) - "Real Madrid" (İspaniya)

Xal durumu: "Real Madrid" - 9, "İnter" - 7, "Şerif" - 6, "Şaxtyor" - 1.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!