"Mənim üçün o torpaq villadan da, milyonlardan da üstündür!" - QARABAĞ -SORĞUSU

15 Yanvar 2021 11:40 Bizimkilər 1 071
"Mənim üçün o torpaq villadan da, milyonlardan da üstündür!" - QARABAĞ -SORĞUSU

10 noyabr tarixli bəyənatla Vətən Müharibəsi Azərbaycan ordusunun möhtəşəm qələbəsilə başa çatmış oldu.

İndi qalır əsas məsələ işğaldan azad olunmuş tarixi torpaqlarımıza geri dönmək.

Bu isə heç də asan başa gələcək proses deyil. Düşmən tərəfdən yerlə-yeksan edilmiş şəhərlər, kəndlər yenidən bərpa edilməlidir. Bunun üçün artıq əməli işlərə də start verilib.

Bir neçə gün əvvəl prezident İlham Əliyev keçmiş məcburi köçkünlər arasında sorğu keçirilməsini və Qarabağa qayıtmaq istəyənlərin siyahısının hazırlanmasını tapşırdı.

Təbii ki, sorğuda qərarı öyrəniləcək adamlar arasında idman ictimaiyyətindən olan məcburi köçkünlər də az deyil. Görəsən, onlar bu haqda nə düşünür? Qayıtmaq planları varmı? Bəs getməyənlərə qarşı münasibət necə olmalıdır?

Sportinfo.az bu suallara cavab tapmaq üçün məhz həmin qarabağlıların fikirlərini öyrənib.

Asəf Zeynallı ("CBC Sport"un əməkdaşı): "Qaçqınlıq, məcburi köçkünlük səbəbini təkcə silahlı qarşıdurma yox, sosial yoxsulluq da yaradır. İşğal altında olmayan rayonlardan iş tapmaq adı ilə Bakıya gələn şəxslər məcburi köçkünlərin o torpaqlara məcburi qaytarılmasını söyləyirlər. Məsələnin təzadlı tərəfi budur. Guya Qarabağ işğal altında olmasaydı, insanlar paytaxta axışmayacaqdı?! Nəinki Qarabağa, eləcə də digər bölgələrə normal həyat qayıtmalıdır. Qarabağa qayıtmaq isə təkcə geridönüş olmamalıdır, iqtisadi baxımdan əlverişli olmalıdır. İşğaldan azad olunan torpaqlarımıza qayıtmaq hər zaman planımızın bir parçası olub. Təbii ki, biz də 28 ildir havasını udmadığımız Qubadlını, kəndimizi yenidən görmək arzusu ilə yaşayırıq".

Səbuhi Səfiyarlı (Menecer): "Şəxsən mənim mövqeyim birmənalı qayıtmaqdır. Hətta bölgəyə səfərə icazə verilən kimi gedib baş çəkəcəm. Qayıtmağına hamı qayıdacaq, sıfırdan şəhərlər kəndlər qurulur deyə, məncə, hamı üçün iş də olacaq, yaşamaq üçün motivasiya da. Amma təbii ki, qayıtdıqdan sonra hər kəs əvvəlki evinin yerində ev tikib yaşaya biləcəkmi? Əvvəlki torpaq əraziləri sahiblərinə hansı şəkildə qaytarılacaq? O yerlərdə yurd salmaq olacaqmı? Bu kimi suallara da aydınlıq gəlsə və əhalinin fikirləri əsas götürülsə daha yaxşı olar. İnsanları ən çox düşündürən məsələ iş yerlərinin olmasıdır. Əgər insanlar iş dalınca Bakıya gələcəksə, məskunlaşmaq bir az uzun çəkə bilər. Amma hamının ata-baba yurdunun yerində bir ev tikmək istəyi olmasına əminəm".

Elnur Əşrəfoğlu (keçmiş telejurnalist): "Qayıtmaq istəməyənlərə nə deyə bilərik ki? Hərə özünə cavabdehdir və qərarında da sərbəstdir. Ailəmizin bir qərarı var! Biz qayıdacağıq! İnsan dədə yurdunu heç vaxt unutmamalıdır!!!".

Emin Səfərov ("Qafqazinfo"nun əməkdaşı): "Biz uzun illər o torpaqların xəyalı ilə yaşamışıq. Bütün arzumuz, xəyalımız Ağdamla bağlı olub. Adama yuxu kimi gəlsə də, artıq bu bir gerçəkdir ki, Ağdam işğaldan azad olunub. Əlbəttə, ailəmiz doğma yurdumuza qayıdacaq. Bu, birmənalıdır və müzakirə mövzusu belə deyil. Bizə bir quru torpaq da bəs edir ki, yenidən 27 il əvvəlki şəraitimi yaradaq, evimizi tikək, yaşayışımızı təmin edək və ömrümüzün qalan hissəsini o müqəddəs yerlərdə keçirək. Təbii ki, fərqli düşüncədə olanlar var. Əvvəlcə, "şərait təmin edilməlidir" deyənlərin də sayı az deyil. Ancaq əminəm ki, işğaldan azad olunan bütün ərazilər elə gözəlləşdiriləcək ki, çoxu o torpaqlara can atacaq. İstənilən halda qayıtmaq istəməyənlər də olacaq. Çünki uzun illərdən sonra Bakıda və ya ölkənin başqa regionlarında özünə çətinliklə də olsa, şərait quranlar var. Amma mənim üçün Ağdamdakı dağıdılmış evin yandırılmış daşı, torpağı hər şeydən üstündür. Villadan da, milyonlardan da!".

Nihad İsmayılov (İTV-nin əməkdaşı): "Təbii ki, Allahın köməyi ilə qayıdacağıq. Ən əsası da niyyətimiz orada olan atamın məzarını ziyarət etməkdir. Atam torpaqlarımız uğrunda döyüşüb və Zəngilanda şəhid olub. Atamın məzarını bərpa etmək üçün səbrsizliklə qayıtmağı gözləyirəm. Qayıtmaq qərarında olmayanlara hörmətlə yanaşıram. Çünki insanların hansı vəziyyətdə olduğunu bilmirəm. Əgər bir insan qayıtmaq istəmirsə, yəqin ki, nəsə səbəbi var. Heç kim öz ata-baba yurdundan imtina etməz".

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti