"Federasiya 3 dəfə hiylə işlədərək, çempionluğu əlimizdən alıb"

1 İyun 2020 13:12 Azərbaycan Futbolu 672
"Federasiya 3 dəfə hiylə işlədərək, çempionluğu əlimizdən alıb"

«Traktor»un sahibi Məhəmmədrza Zunuzi İran Futbol Federasiyası tərəfindən 3 dəfə çempion olmalarına maneə törədildiyini bildirib.

Sportinfo.az xəbər verir ki, o, super liqanın bərpasına qarşı olduğunu vurğulayıb.

Təbriz klubunun rəhbəri matçların başladılmasını istəyənlərin maddi mənfəət güddüyünü iddia edib. Daha öncə Zunuzi İran televiziyasına açıqlamasında futbolda mütəşəkkil korrupsiya və ayrı-seçkilik olduğunu bildirmişdi:

“Komandalar asılı vəziyyətdədir. Başçıları bir söz danışsalar, o dəqiqə hamısını dəyişdirirlər. İcazə verin, mən həqiqəti söyləyim. Xərci klublar çəkir, amma gəlir bir qrup insanın cibinə gedir.

Bir sıra rəsmilərin uşaqları başqa insanların adına şirkətlər açıblar. Biz isə bilirik ki həmin şirkətlər bir sıra hökumət rəsmilərinin uşaqlarına aiddir və onlar beləcə pul əldə edirlər”.

Koronavirus böhranına baxmayaraq, İran rəsmilərinin övladlarına bağlı şirkətlərin maddi çıxarları üçün super liqanın başlamasını tələb etdiklərini irəli sürən Zunuzi deyib ki, federasiya liqanı ləğv edərkən, ölkədə 400 virusa yoluxma halı vardı, ancaq indi rəsmi statistikaya görə, hər gün 3 min nəfər bu xəstəlikdən əziyyət çəkir: ”Bu vəziyyətdə federasiya liqanı dərhal başlatmaq istəyir”.

Cənubi Azərbaycan klubu İran super liqasında 3-cü yerdə gedir. Zunuzi “sizin komandanız birinci pillədə olsaydı, yenə də matçların başladılmasına qarşı çıxardızmı?“ sualına belə cavab verib.

“Bizim üçün futbolçuların sağlamlığı əhəmiyyət daşıyır. Özümüz və azarkeşlərimiz üçün maddi qiyməti olan kubokların dəyəri yoxdur. Üç dəfə çempionluq kuboku fərqli səbəb və hiylələrlə bu komandadan alınıb. Biz və azarkeşlərimiz bunu unutmadıq və heç bir zaman da unutmayacağıq”.

O, bu durumda matçların başlanmasının futbolçuları təhlükəyə atacağını vurğulayıb.

Son zamanlar Təbriz komandalarının futbolçularında koronavirusa yoluxma halları aşkarlandığı xəbəri yayılıb. «Traktor» da 4, «Maşinsazi»də isə 6 futbolçuda virusa yoluxma halı təsdiqlənib.

Xəbər Lenti