Elxan Məmmədovun BÖYÜK BİZNES İMPERİYASI - ARAŞDIRMA

31 May 2020 12:40 Azərbaycan Futbolu 1 984
Elxan Məmmədovun BÖYÜK BİZNES İMPERİYASI - ARAŞDIRMA

Azərbaycan futbolu son bir neçə ildə öz dəyərini itirməkdə davam edir və sürətli enişin nə vaxt başa çatacağı sual altındadır.

Belə görünür ki, yüksəlişi gözləməyə dəyməz və bu haqda pronoz verənləri ciddiyə alma dəyməz.

«Futbolun İnkişafına dair Dövlət Proqramı» 2005-2015-ci illəri əhatə etdi və futbolumuz nə gördüsə, bu müddətdə gördü. Keçən 5 ilə yaxın müddətdə isə futboldan nə görübsə, yalnız Elxan Məmmədov görüb.

İdmanın «şah»ı tamamilə bu adamın əlindədir. Onun əlində daha nə yoxdur ki… AFFA, SOCAR-dan ayrılan milyonlarla vəsait, Premyer Liqa və I Divizion klubları, milli komandalar, infrastruktur layihələri, bu sahəyə aid müxtəlif şirkəitlər.

Artıq 13 ildir ki, futbolumuz bu insanın varlığından əziyyət çəkir. Elxan Məmmədov 2007-ci ildə ilk dəfə AFFA-ya ayaq basanda, onu 3-4 nəfərdən başqa heç kim tanımırdı. Bu gün isə bu adamı 3-4 nəfər tanımayan olar, ya olmaz.

Ötən 13 il ərzində ölkənin futbol həyatına hər cür zərbə vuran, reytinqdən salan, iş adamlarının top oyununa sərmayə yatırmaqdan iyrəndirən, yenilərini bu sahəyə yaxın gəlməyə qoymayan, ona tabe olmaqdan imtina edən klubları bir-birinin arlınca «qəbirstanlığ»a göndərən, əlqərəz, bütün hakimiyyəti öz əlində birləşdirməyə can atan və buna böyük ölçüdə nail olan Elxan Məmmədov AFFA-da yeganə söz sahibidir.

Yalan danışmağı özünə peşə seçən, saxta gülüşü altında gizlətdiyi məkrli planlarını həyata keçirməkdə davam edən bu zatın «arxa»sı çox güclüdür.

Müxtəlif səviyyələrdə özünə dəstəkçilər tapan AFFA-nın baş katibi cari ilin əvvəlində icraçı vitse-prezident vəzifəsinə də yiyələnməklə, təsir dairəsini bir qədər də genişləndirib və gücləndirib.

Federasiyada eyni vaxtda iki post tutan Məmmədov, əslində, özünü özündən qoruyur, özü-özünə nəzarət edir, əlinin üstündə əl olmasını istəmir.

Futbolumuz günbəgün geri getdikcə, Elxan Məmmədovun buxağı bir o qədər qabağa çıxır, mədəsi böyüyür. Niyə də olmasın? Axı o, artıq monopolist və iri şirkətlər sahibidir.

Son 13 ildə hər qəpiyə göz dikən, belə-belə külli miqdarda var-dövlət toplayan Elxan Məmmədov bundan sonra 50 il də işləməs, qazandıqları nəinki özünə, nəvə-nəticəsinə də bəs edər.

Dövlətimiz bütün sahələrə olduğu kimi, idmana/futbola da həmişə xüsusi diqqət və qayğı ilə yanaşıb və bu, indinin özündə də davam etməkdədir.

SOCAR birbaşa dövlətə bağlı neft şirkətidir və bu gün Azərbaycanda futbol adına nə mövcuddursa, bunun üçün sərf olunan maliyyə vəsaitinin çox hissəsi oradan gəlir.

Çoxmilyonluq pul kütləsinin düzgün xərclənməsi başqa məsələdir və inanırıq ki, gün gələcək, bunlar da araşdırılacaq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında korrupsiyaya qarşı çox sərt mübarizə aparılır və Sportinfo.az-ın kollektivi olaraq, biz də onun apardığı siyasəti dəstəkləyir və təqdir edirik.

Bəli, bu, çox həssas və vacib məsələdir. Ölkəmizin rəhbəri mətbuatı özünün dostu adlandırır və dəfələrlə bildirib ki, o, bir çox hallarda məlumatı KİV-dən alır.

Təbii, cənab Prezidentin fikirləri bizi bir qədər də ruhlandırır və düşünürük ki, futbol sahəsində şəffaflığın təmin olunmasına öz tövhəmizi verə bilərik. Buna qədər əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik…

Diqqətli oxucular Elxan Məmmədovun çətiri altında fəaliyyət göstərən «Kitpro» şirkəti haqda araşdırmalarımızı və ortaya çıxan faktları, yəqin ki, hələ də xatırlayır.

YAZILARIN LİNKİ: https://www.sportinfo.az/idman_xeberleri/qalmaqal/47217.html /// https://www.sportinfo.az/idman_xeberleri/kose/47408.html ///

https://www.sportinfo.az/idman_xeberleri/kose/47889.html /// https://www.sportinfo.az/idman_xeberleri/kose/48857.html

Bu, AFFA-nın icraçı vitse-prezidenti və baş katibinin gəlir mənbələrindən, sadəcə, biridir. İndi biz daha bir şirkətdən - «Agrosport»dan danışacağıq.

Elxan Məmmədovun illər əvvəl yaratdığı, adını və idarəçilərini tez-tez dəyişdiyi «Agrosport» stadionlar və qolf meydançalarının tikintisi, futbol meydanlarının yenidən qurulması, ictimai yerlər və şəhərətrafı ərazilərdə dizayn işləri yerinə yetirilməsi, o cümlədən, eksklüziv landşaft dizaynının işlənib hazırlanması, rulonlu qazon və əkin materiallarının istehsalı və satışı üzrə ixtisaslaşıb.

E.Məmmədov büdcəsi 5 milyon manatı aşan «Agrosport»un idarəçiliyini Fərman Əlizadəyə tapşırıb. AFFA-nın külli-ixtiyar sahibi yaxın dostunu 2-3 il öncə şirkətin başına gətirib.

«Kitpro» ilə bağlı araşdırmalardan ictimaiyyətə yaxşı tanış olan Murad Nağıyevi «Agrosport»un rəhbərliyindən uzaqlaşdırandan sonra. Demə, hazırda İngiltərədə yaşayan keçmiş biznes ortağı Elxan Məmmədova yalnız «Kitpro»da «atmayıb», adıçəkilən şirkətdə çalışdığı müddətdə də ortaqlıq dəyərlərinə zidd gedib.

Hazırda «Agrosport» yalnız AFFA-nın nəzarətindəki klub və stadionlarla işbirliyi qurmaqla kifayətlənmir, həmçinin aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Şirkət bazarın landşaft memarlıq və dizayn, yaşıllaşdırma və abadlaşdırılma sahəsində xidmət göstərən liderlərindən biridir.

«Agrosport»un rəsmi saytında bu haqda qeyd diqqət çəkir: «Tərəfdaşlarımız ilə işləyərək, stadionlar, təlim mərkəzləri və digər infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə yardım etmək üçün nou-hau, bilik və təcrübəmizdən istifadə edirik. Planlaşdırılmış obyektin məqsədəuyğunluğu və kommersiyalaşdırılması və mövcud obyektin layihəsinin tam idarə edilməsi, optimal qərarların qəbul ediməsi məsələləri üzrə məsləhətlər veririk. İnfrastrukturun, gəlirlərin formalaşdırılmasının və idman bacarıqlarının təkmilləşdirilməsinin idman klubları üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlayırıq. Biz yeni idman obyektlərinin yaradılması və planlaşdırılması, o cümlədən, mövcud idman obyektləriinin təkmilləşdirilməsi üzrə strategiyanın işlənib hazırlanmasında sizə yardım edəcəyik. Bilmədiklərimizi öyrənəcəyik. Texniki-iqtisadi əsaslandırma, bazarın təhlili və biznes tədqiqatların aparılmasını öhdəmizə götürürük. Biz gəlirin əldə edilməsi üçün layihənin potensialını dəyərləndiririk».

«Agrosport» İngiltərənin Şərqi Avropa bazarında fəaliyyət göstərən FutbolLab şirkətinin markasıdır. Qrup idman infrastrukturu layihələrinin idarə olunması və həyata keçirilməsi üzrə ixtisaslaşıb.

Şirkət idman kompleksləri və obyektlərinin tikintisinə hərtərəfli yanaşma təklif edir. Rəsmi sayt yazır ki, istehsal işlərinin təşkili üzrə təcrübə, heyətin peşəkarlığı və Avropa səviyyəsində idarəetmə "Açar təhvili" - obyektlərin tikintisi üzrə keyfiyyətli xidmətləri yerinə yetirməyə imkan verir:

«Obyektlərin tikintisinə kompleks yanaşma nəticəsində bütün işlər yüksək keyfiyyətli materiallar və müasir texnologiya istifadə edilərək, razılaşdırılmış müddət ərzində və əlverişli qiymətə həyata keçirilir»,

Şirkət iddia edir ki, istənilən çətinlik zamanı çatdırılmanı operativ şəkildə və ən rəqabətli qiymətlərlə həyata keçirmək gücünə sahibdir. Və idman obyektinin sonrakı səmərəli işinin təmin etmək üçün onlarda bütün imkanlar var.

Elxan Məmmədov futbol təsərrüfatının rəhbəridirsə və hər şey onun əlində cəmləşibsə, başqa necə ola bilər ki… Əlbəttə, «Agrosport» özünü meydanda rahat və məmnun hiss edəcək. Axı bu bazarda ona rəqib yoxdur.

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi elə bir ab-hava yaradıb ki, hansısabaşqa şirkət bu biznes sektoruna yaxın düşə bilmir. Pul da ki, tikintidə, yenidənqurma layihələrindədir. Elxan Məmmədov heç imkan verər ki. ondan başqası sahəyə baş qoşsun və maraqlansın? Ömründə…

(Ardı olacaq)
SPORTİNFO,AZ

Xəbər Lenti