"Xəzər Lənkəran' qayıtsın, Mənsimov rəhbər olsun, amma ...

"Xəzər Lənkəran' qayıtsın, Mənsimov rəhbər olsun, amma ...

"Xəzər Lənkəran"ın sahibi olmuş Mübariz Mənsimov sosial şəbəkə hesabında komandanın sabiq hücumçusu Oktay Derelioğlu ilə fotosunu paylaşıb.

İş adamı türkiyəli forvardla Azərbaycan futbolu haqda danışdıqlarını qeyd edib:

“Bir zamanlar yalnız Azərbaycanın deyil, həm də Türkiyənin tanıdığı və böyük hörmət etdiyi əfsanəvi futbolçu, “Xəzər Lənkəran”ın önəmli oyunçularından biri olan Oktay Derelioğlu mənim qonağım oldu. Söhbətimiz zamanı təkcə futbolun bugünkü vəziyyətindən deyil, həm də Azərbaycan futbolunun son illərdə qazandığı uğurlardan danışdıq. Bu anlar mənim üçün çox dəyərli idi. İnşallah, bir gün yenidən “Xəzər Lənkəran” klubumuz bərpa olunar və biz Oktay Derelioğlu kimi dəyərli futbolçumuzu həm də baş məşqçi kimi komandamızın sükanı arxasında görərik”.

Mübariz müəllimin uzun aradan sonra "Xəzər Lənkəran" barədə danışması mətbuatın diqqətindən kənarda qalmadı.

Gündəmin müzakirəsinə çevrildi.

Təbii ki, hamımız Lənkəran təmsilçisinin geri qayıdışına ancaq sevinərik.

Amma paylaşım hər nə qədər xoş olsa da, bir məqam ən azı bir o qədər üzücü oldu.

Belə ki, Mənsimov "Xəzər Lənkəran" qayıdarsa, baş məşqçi postunda Oktay Dərəlioğlunun olmasını arzuladığını dilə gətirib.

Bölgə klubunun zamanında sonunu gətirən amillərdən biri də məhz bu cür həvəskar, peşəkarlıqdan uzaq addımlar oldu.

Məşhur adlar baş məşqçi postuna, milyonluq futbolçular heyətə gətirildi.

Amma zaman göstərdi ki, belə yanaşma effektiv deyil.

Bəli, Oktay futbolçu kimi "Beşiktaş", "Fənərbaxça" kimi klublarda və Türkiyə millisində yaxşı karyerası olub.

"Xəzər Lənkəran"a futbolçu kimi xidmətləri az olmayıb.

Amma baş məşqçi kimi kimdir? Heç kim. 49 yaşına qədər 8 klubda çalışıb. Maksimum 1 il çalışıb. Son iki ili işsiz qalıb.

Hə, xidmətlərinə görə klub funksioneri kimi bəlkə də dəvət etmək olar.

Daha baş məşqçi yox da.

İnşallah, "Xəzər" qayıtsın, Mübariz müəllimi səhnədə rəhbər kimi görək, amma idman məsələlərinə mütləq işi bilən birini qoysun.

Axı buna görə zamanında başı az ağrımadı.

O zaman nəinki daxili arenada, həm də ölkə xaricində uğurları ilə adından söz etdirmiş olacaq.

Əks halda, köhnə təfəkkürdə idarə olunacaq "Xəzər Lənkəran"ın qayıdışını yəqin ki, heç yerli publika da arzulamaz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti