
“Zirə” yeni futbolçu ilə anlaşıb.
"Qartallar" "Neftçi"dən ayrılan Yeqor Boqomolskiylə müqavilə bağlayıb.
25 yaşlı hücumçuyla 2 illik müqavilə imzalanıb.
Rəşad Sadıqovun seçimi futbol ictimaiyyətdə şok effekti yaratdı.
Bu da səbəbsiz deyil.
Belaruslu legioner 2022-ci ildən "ağ qaralar"ın şərəfini qoruyurdu.
İstedadlı gənc kimi "Neftçi"yə gətirilən hücumçuda sonrakı 3 mövsümdə həmin istedadın əsər-əlamət görmədik.
Məsələn, bu mövsüm meydana çıxdığı 14 qarşılaşmada cəmi 3 qol vura bilib.
Fərqləndiyi matçlar isə Birinci Liqa təmsilçisi "Difai" (2qol) və autsayder "Kəpəz"lə oyunlara təsadüf edir.
Ümumilikdə isə "Neftçi" formasında meydana çıxdığı 81 qarşılaşmada cəmi 11 dəfə fərqlənə bilib.
"Neftçi" azarkeşləri 3 mövsüm Yeqordan az çəkmədi.
Əbəs deyil ki, ayrılıq xəbəri böyük sevinclə qarşılandı.
Ölkəmizə gələndə Belarus millisinin üzvü idi. İndi ölkəsində də onu xatırlayan yoxdur.
Ehtimal etmək olardı ki, Azərbaycanda qocalan legioneri ən yaxşı halda elə Belarus liqasında görəcəyik.
Görünür, tələsmişik...
O, bizimlə qalmağa davam edəcək.Bu dəfə "Zirə" formasında.
Görək 3 mövsüm "Neftçi"də pas atan forvardın istedadını Sadıqov aşkara çıxara biləcəkmi...
XANOĞLAN / SPORTİNFO.AZ